Noyabrın 29-da Topaz Premyer Liqasında 14-cü tur çərçivəsində daha bir oyun keçirilib.
“Azərtag” xəbər verir ki, “Neftçi” doğma meydanda əzəli rəqibi “Qarabağ”ı qəbul edib. Rəqiblərin cari mövsümdəki ilk duelindən fərqli olaraq bu görüşdə “Neftçi” Azərbaycan çempionunu minimal hesabla məğlub edib – 1:0.
Bu, “ağ-qaralar”ın “Qarabağ” üzərində doqquz oyunluq fasilədən sonra ilk qələbəsidir. Bu məğlubiyyət, həmçinin “Qarabağ”ın cari mövsümdə ikinci uğursuzluğudur.
Yeni baş məşqçi Əsgər Abdullayevin rəhbərlik etdiyi flaqmana qələbə gətirən qolu 65-ci dəqiqədə Rəhman Hacıyev vurub. O, cərimə zərbəsindən topu doqquzluğa göndərərək hesabı açıb.
Beləliklə, hazırda Azərbaycan çempionu 32 xalla turnir cədvəlinə başçılıq edir. Paytaxt təmsilçisi isə xalını 19-a çatdıraraq altıncı sırada mövqeyini möhkəmləndirib.
Tura noyabrın 30-da keçiriləcək “Qəbələ”–”Rəvan” matçı ilə yekun vurulacaq.