XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

03 İyul 2017 - 17:14

Çovdarov məhkəmədə zərərçəkmişi təhqir etdi: “Qələt edir, mən pul görməmişəm”

Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim H.Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş İlqar Aşurbəyovun epizodu üzrə dinləmələr olub.

Məhkəmədən sonra açıqlama verən A.Çovdarovun vəkili Kamandar Nəsibov deyib ki, İlqar Aşurbəyovun epizodu üzrə keçmiş MTN əməkdaşları ifadə veriblər. Onlar İ.Aşurbəyovun A.Çovdarova pul verdiyini təsdiq etməyiblər və xatırlamadıqlarını deyiblər. Vəkilin dediyinə görə, İ.Aşurbəyov deyib ki, "Mən o vaxt oruc idim, yalan deyə bilməzdim".

"Biz də araşdırdıq ki, bu hadisə orucluqdan 2 ay əvvəl olub" – deyə vəkil qeyd edib.

A.Çovdarov isə məhkəmədə İ.Aşurbəyovdan pul almadığını deyib: "Qələt edir, mən pul görməmişəm, bu adamla görüşməmişəm, pul da almamışam".

Vəkilin bildirdiyinə görə, Əbil Vəzirov epizodu üzrə danışan Çovdarov deyib ki, oktyabrın 15-də axşam Xayt Mixayıl saxlanılıb, səhəri gün də prokurorluğa təhvil verilib: "İşi prokurorluq aparırdı, bütün qərarları da onlar verirdi. Onun cinayət işinə də prokurorluq xitam verib. O adamdan pul alıblarsa, prokurorluqda alıblar. O iş mənim əlimdə cəmi 2 saat olub. Mən pulu da götürüb, adamı da istintaqa təhvil vermişəm? Bu, necə olur? Bu işlə bağlı bütün addımlar prokurorluğun əməliyyat tapşırığına əsasən atılıb. Bizim əməllərimiz nəticəsində kimsə zərər çəkibsə, deməli prokurorluq günahkardır. Biz tapşırıqları icra etmişik".

Kamandar Nəsibov A.Çovdarovun köməkçisi Rövşən Ədilovun məhkəmədə dedikləri haqda bunları söyləyib: "O, dedi ki, istintaqda dindirilən zaman ona hədə-qorxu gələrək pul tələb ediblər. Ona ifadəni zorla imzalatdırıblar. Ədilov bildirdi ki, Aşurbəyov da yanında oturub. Onunla söyüşüb, dalaşıblar".

Vəkil qeyd edib ki, R.Ədilov çıxışına bunları əlavə edib: "Mənə təzyiq etdilər, pul tələb elədilər. Pul vermədiyimi demirəm, amma bu barədə danışmaq istəmirəm. Dedilər səni tutduracağıq. Mən ordan canımı qurtarmaq üçün heç nəyə baxmadan imzalayıb çıxdım".

Məhkəmə prosesi iyulun 5-də davam etdiriləcək.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.