“Apple” şirkəti “iPhone 8” smartfonunda sifətin tanınması texnologiyasını tətbiq edəcək. Bu haqda “Bloomberg” agentliyi məlumat yayıb.
Azərtac xəbər verir ki, məlumata görə, sifətin tanınması texnologiyasının tətbiqi nəticəsində “iPhone 8” qurğusunu bir neçə millisaniyə ərzində blokdan çıxarmaq mümkün olacaq. Ekspertlər hesab edirlər ki, sifətin tanınması texnologiyası üzrə qurğu sahibinin müəyyənləşdirilməsi “Touch ID” texnologiyası ilə müqayisədə daha etibarlı həldir, çünki smartfon daha çox məlumat emal edir. Sifətin 3D texnologiya üzrə tanınması funksiyası “Touch ID” texnologiyasını, həmçinin ödənişlərin avtorizasiyasını tam əvəz edə bilər.
"Sensorun işində dəqiqlik və sürət əsas meyardır. Qurğu, hətta masanın üzərində olduğu halda bu funksiya işləyəcək. Hələ ki texnologiya sınaq mərhələsindədir. Bununla belə, mənbənin məlumatına görə, “Apple” şirkəti “Touch ID” barmaq izi skanerini əvəz etmək niyyətindədir. Şirkətin nümayəndəsi şərh verməkdən imtina edib" – “Bloomberg” nəşri yazıb.
Bundan başqa, “iPhone 8” qurğusunun ekranı ilk dəfə yeni 10,5 və 12,9 düymlük “iPad Pro” planşet kompüterlərində təqdim edilmiş “ProMotion” texnologiyası ilə təchiz edilə bilər. “ProMotion” texnologiyasına malik ekranlar daha yüksək tezliklə yenilənmə qabiliyyətinə malikdir ki, bu da təsvirin bulanıqlığını kəskin azaldır.