XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 July 2017 - 21:09

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” Ermənistanın təxribatı ilə bağlıbəyanat yayıb

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Füzuli rayonun Alxanlı kəndində yaşayan mülki əhalinin qətlə yetirilməsi yaralanması və mülki obyektlərinin atəşə tutulması ilə bağlı bəyanat yayıb.

Bu barədə Trend-ə “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyindən xəbər verilib.

Bəyanatda deyilir ki: "Ermənistan silahlı qüvvələrinin 2017-ci ilin 4 iyul tarixdə növbəti dəfə Azərbaycanın Respublikasının Füzuli rayonunun Alxanlı kəndində yaşayan mülki əhalini, onların yaşayış evlərini, mülki obyektləri təsərrüfat sahələrini ağir silahlardan atəşə tutması nəticəsində dinc mülki kənd sakinləri 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və 50 yaşlı Quliyeva Sahibə İdris qızı qətlə yetirilmiş, 52 yaşlı Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanmışdır.

Bədnam qonşumuz olan Ermənistanın 1988-ci ildən başlayaraq Azərbaycana hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizi – Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon işğal olunmuş, bir milyondan artıq insan öz tarixi ata-baba torpağından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmiş, minlərlə günahsız insan vəhşicəsinə qətlə yetirilmiş, yaralanmış, əlil olmuş, əsir və girov götürülmüşdür. Bundan əlavə milli və dünya mədəniyyətinə aid dini, mədəni, mülki, sosial və digər mühüm əhəmiyyətə malik obyektlər vandalizmə məruz qalaraq tamamilə dağıdılmış, yandırılmış və talan olunmuşdur. Müxtəlif vaxtlarda Azərbaycanın ayrı-ayrı yerlərində, həmçinin xarici ölkələrdə yaşayan azərbaycanlılar erməni terroruna məruz qalmış, eyni zamanda Ermənistanda etnik təmizləmə aparılaraq monoetnik bir dövlət yaradılmış, yüz minlərlə insanın dövlətdaxili qanunvericilikdə və beynəlxalq müqavilələrdə təsbit olunmuş hüquq və azdlıqları dəfələrlə kobudcasına pozulmuşdur.

Ermənistanın terror yolu ilə hakimiyyətə gəlmiş hazırkı hərbi-siyasi rejimi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, beynəlxalq təşkilatların sülh çağırışlarına, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin dörd qətnaməsinə, BMT Baş Məclisinin, AŞPA, Avropa Birliyi və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayaraq beynəlxalq hüquqa etinasız və saymazyana münasibət göstərməkdə davam edərək öz çirkin niyyətlərindən hələ də əl çəkmir.

Təəssüf hissi ilə qeyd etmək istərdik ki, beynəlxalq vasitəçilər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini rəsmi formada bəyan etsələr də, nədənsə bununla bağlı hələ də birmənalı mövqe nümayiş etdirmirlər. Təbii ki, sosial ədalət prinsipinə əməl edilməməsi və Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması həm regional, həm də beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid olaraq qalır. Bu baxımdan hesab edirik ki, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər, eləcə də dünya ictimaiyyəti münaqişənin ədalətli həllinə nail olmaq üçün təcili olaraq konkret addımlar atmalıdırlar.

Buna görə də “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi olaraq nüfuzlu beynəlxalq təşkilatlara, tərəqqipərvər ictimaiyyətə, insanlığa, hümanizmə və insan haqlarına hörmət edən qurumlara müraciət edərək nəhayət ikili standartlardan əl çəkib Azərbaycana qarşı aparılan erməni təcavüzünə, işğala, terrora göz yummamağa, yalnız həmişəki kimi bəyanatların qəbul edilməsi formasında deyil, həqiqi nəticəsi olan konkret addımların atılmasına çağırırıq.

Biz, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin beynəlxalq hüquq normalarına uyğun, dünya ölkələri və BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində bərpa olunmasını, Ermənistan silahlı qüvvələrinin zəpt etdiyi ərazilərdən çıxarılmasını, regionda sülhün, ədalətin bərpa olunmasını, insanların hüquq və azadlıqlarının təmin olunmasını tələb edir və beynəlxalq ictimaiyyəti daha buna biganə qalmamağa səsləyirik".