Nardaranda əməliyyat zamanı bir nəfərin yaralanması xəbəri təkzib edildi – Açıqlama

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı bir nəfərin yaralanması barədə xəbər təsdiqini tapmayıb.
Strateq.az xəbər verir ki, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bu barədə yayılan iddiaları “Anspress”-ə açıqlamasında təkzib edib:
“Bu barədə xəbər almışdıq, indi mənə bu məlumatın yanlış olduğunu bildirdilər. Hər bir xəbəri alarkən onun düzgünlüyünü yoxlayıb araşdırıram. Tutulan zaman anası infarkt keçirmiş qardaşlardan biri buraxılıb. Biz hökümətin apardığı işlərə qarşı deyilik”.
Natiq Kərimov Nardaranda əmin-amanlıq və sakitlik olmasını arzuladığını qeyd edib: “Mən kəndin əvvəlki sakit həyat axarının qaydasına düşməsinin tərəfdarıyam. Silah polisdə, hüqüq mühafizə əməkdaşında olmalıdır. Sakit həyat tərzimizin qaydasına düşməsini istəyirəm. İşığımız, qazımız olsun, həyatımız normal qaydasına düşsün”.