“Azərbaycan hökuməti, Azərbaycan xalqı həmişə Türkiyəyə dəstək verib. Biz bir yerdə olanda daha güclü oluruq. Güclü Azərbaycan güclü Türkiyə deməkdir. Azərbaycan gücü Türkiyədən, Türkiyə gücü Azərbaycandan alır”.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral keçən il Türkiyədə 15 iyulda dövlət çevirilişinə cəhdin ildönümünü ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib. Həmin hadisələr zamanı ölkə başçısı İlham Əliyevin Türkiyə prezidentinə ilk zəng edib dəstək verənlərdən olduğunu xatırladan səfir deyib ki, terrora qarşı mübarizədə Azərbaycanı yanlarında görməklə böyk güc hiss ediblər: “Biz terrorla mübarizədə birgə səylər göstəririk. Təəssüf ki, bu gün bir sıra ölkələr terrorçulara dəstək və sığınacaq verir. Bu ölkələr anlamalıdır ki, bir gün terrorçular onlara da zərbə vuracaq".
Onun sözlərinə görə, 15 iyul dövlət çevrilişi cəhdindən sonra Türkiyə xalqı cəmiyyəti xainlərindən təmizlənməkdə hökumətə yardım edib. Səfir bildirib ki, 15 iyuldan sonra Türkiyə Respublikası tarixi baxımından önəmli bir nöqtəyə gəlib. Bu müddətdə Türkiyə iqtisadiyyatı daha da güclənib.
E.Özoralın sözlərinə görə, Türkiyə son bir ildə terrora qarşı uğurla mübarizə aparır: “Bu gün Türkiyə ordusu ölkənin və Suriyanın təhlükəsizliyi üçün hər şeyi edir. Ötən dövrdə yüzlərlə terrorçu məhv edilib". Səfir daha sonra bildirib ki, FETÖ qruplaşması yalnız Türkiyədə deyil, digər ölkələrdə də mövcuddur. Diplomat əlavə edib ki, FETÖ qruplaşması tam zərərsizləşdirilməyib, amma bir il əvvələ baxanda təhlükə elə də ciddi deyil. Lakin qrupun kökü məhv edilməyincə təhlükənin tam aradan qaldırılması söyləmək olmaz.
Dövlət çevrilişinə cəhd zamanı 250 nəfərin həyatını itirdiyini, 2000-dən artıq insanın isə yaralandığını xatırladan E.Özoral qyed edib ki, həmin gecə çevrilişə cəhd göstərənlərin törətdikləri vəhşiliyin tayı-bərabəri yoxdur. Səfir əlavə edib ki, həmin hadisələrdən sonra 130-140 min adam saxlanılıb, 45 min nəfər isə həbs edilib.
L.SƏMLA
Strateq.az