Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılacaq. İmtahanların idarə olunmasına 242 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2728 nəzarətçi-müəllim cəlb olunacaq.
Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar, imtahan iştirakçılarının şəxsiyyətinin müəyyən edilməsi üçün “barkod-skaner”lər quraşdırılıb. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.
Məlumat üçün bildirək ki, imtahanda 34041 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 17888 abituriyent II qrup üzrə, 16153 abituriyent III qrup üzrə imtahan verəcək.