Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələri və iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin sakini – 2 yaşlı Zəhra Quliyevanın qətli ilə bağlı Almaniya Xarici İşlər Nazirliyində (XİN) müzakirələr aparılıb.
Bu barədə Trend-ə Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı və bir qrup əməkdaşın Almaniyaya səfəri çərçivəsində bu ölkənin XİN departament rəhbəri Eckart Blaurock ilə görüş keçirilib.
Görüşdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində insanların fundamental hüquqlarının pozulması haqqında geniş məlumat verilib, habelə 4 iyulda Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndininin erməni silahlı birləşmələri tərəfindən atəşə tutulduğu, 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın qətlə yetirildiyi bildirilib. Həmçinin, Azərbaycan Ombudsmanın bu hadisə ilə bağlı qəbul etdiyi Bəyanat Almaniya XİN-ə təqdim edilib.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.