XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 December 2015 - 08:17

Bakı Ali Neft Məktəbində növbəti görüş – BANM Küveytdə təhsil müəssisəsinin yaradılmasına dəstək verəcək

elmar-2.jpg

Küveytin Afnan Beynəlxalq Holding Şirkətinin (Afnan International Holding Company) sədri Mübarək əl-Cassim Bakı Ali Neft Məktəbində olub.

Bakı Ali Neft Məktəbindən strateq.az-a verilən məlumata görə, görüşdrə rektor Elmar Qasımov qonağa Ali Məktəbin tarixindən danışaraq, BANM-in 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə SOCAR-ın strukturunda yaradıldığını vurğulayıb. O bildirib ki, Ali Məktəbin əsas məqsədi neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar mühəndis kadrların hazırlanmasıdır.

Rektor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” sözlərinin bu Ali Məktəbdə reallaşdırıldığını deyib, Ali Məktəbdə təhsilin ödənişsiz olduğunu qonağın diqqətinə çatdırıb.

Rektor tədrisin ingilis dilində aparıldığını və Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini vurğulayıb. Həmçinin imtahanların Heriot-Vatt Universitetinin professorları tərəfindən keçirildiyini və tələbələrin biliyinin tam şəffaf qiymətləndirildiyini bildirib.

Hər il ali məktəblərə qəbul imtahanında ən yüksək bal toplayan tələbələrin Ali Məktəbi seçdiyini və Prezident təqaüdçüsü adını qazanan BANM tələbələrinin sayının hər il artdığını deyən E.Qasımov ümumi orta bal göstəricilərinə görə, BANM-in öndə olduğunu nəzərə çatdırıb.

Ali Məktəbin kampusu haqqında söz açan və kampusun layihəsi ilə qonağı tanış edən Elmar Qasımov işlərin artıq yekunlaşdığını söyləyib.

E.Qasımov tələbələrin SOCAR, Total, BP, Schlumberger, Emerson Process Management, Statoil, Schneider Electric, ABB, Halliburton və digər bir sıra beynəlxalq şirkətlərdə ödənişli istehsalat təcrübəsi keçdiklərini də diqqətə çatdırıb.

Azərbaycanın neft mühəndisliyi sahəsində 100 illik təcrübəsinin olduğunu bildirən rektor əmək bazarında rəqabətə girmək üçün keyfiyyətli kadrların hazırlanmalı oldugunu vurğulayıb və bildirib ki, sözügedən şirkətlər BANM-lə çox həvəslə əməkdaşlıq edirlər.

Elmar Qasımov Küveytdə neft üzrə ali təhsil müəssisəsinin yaradılmasına dəstək verməyə hazır olduqlarını da bildirib.

Afnan Beynəlxalq Holding Şirkətinin (Afnan International Holding Company) sədri Mübarək əl-Cassim isə qəbula görə öz təşəkkürünü bildirərərk, Azərbaycana ilk dəfə səfər etdiyini və Bakıya birinci dəfə gəldiyini vurğulayıb. O, ixtisasca mühəndis olduğunu bildirərək təmsil etdiyi şirkət haqqında məlumat verib.  

Mübarək əl-Cassim Küveytdə yeni ali məktəb yaradılması məsələsi ilə bağlı körfəz regionunda neft və qaz təlimini gücləndirmək üçün beynəlxalq əməkdaşlığa maraq göstərdiyini bildirib. Bu məqsədlə Bakı Ali Neft Məktəbinin fəaliyyəti ilə ətraflı tanış olmaq üçün BANM-i ziyarət etmək arzusunda olduğunu deyib. O, bu sahədə əməkdaşlığa ümidini ifadə edərək, həmçinin tələbə mübadiləsi ilə bağlı əməkdaşlığın mümkünlüyünü vurğulayıb.

Görüşdə, qarşılıqlı əlaqələrin qurulması üçün əməkdaşlıq, o cümlədən digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşdən sonra Mübarək əl-Cassim BANM-in tədris auditoriyalarını gəzərək professor-müəllim heyəti və tələbələrlə görüşüb.