XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2015 - 11:39

“Yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür” – XİN

xin foto.jpg

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, son günlər ərzində Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti və iki ölkənin sərhədləri boyunca Ermənistan tərəfindən təxribat-diversiya əməllərinin törədilməsi, iriçaplı silahlar, minaatan, qumbaraatan və digər ağır atəş vasitələri tətbiq edilməklə, atəşkəs rejiminin intensiv şəkildə pozulması həyata keçirilirErmənistan tərəfinin qəsdən törətdiyi məsuliyyətsiz və hərbi avantüra xarakterli əməllərin nəticəsində son bir neçə gün ərzində Azərbaycan Silahlı Qüvvələrinin 2 nəfər hərbi qulluqçusu şəhid olub, 2 nəfər isə yaralanıb”. report.az

Bunu cəbhədə yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O vurğulayıb ki, Belqradda ATƏT-in 22-ci Nazirlər Şurasının iclasının keçirildiyi, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşlərinin təşkil olunduğu, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin həlli ilə əlaqədar Xarici İşlər nazirləri səviyyəsində bəyanatla çıxış etdikləri dövrdə Ermənistan bu kimi təxribat əməlləri ilə qəsdən vəziyyəti gərginləşdirərək, hər bir vəchlə danışıqlar prosesini pozmaq, münaqişənin həllində irəliləyişə nail olunmasına imkan verməmək, qeyri-davamlı və qəbuledilməz olan status kvonu saxlamaq məqsədi güdür:

“Eyni ssenari üzrə rəsmi Yerevan 2014-cü ilin noyabrında Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə keçirilmiş Azərbaycan və Ermənistan Prezidentlərinin görüşündən dərhal sonra təxribatçı məqsədlərlə Azərbaycanın işğal olunmuş ərazilərində 46 min şəxsi heyətin və 5 min ədəddən artıq texnikanın iştırakı ilə genişmiqyaslı hərbi təlim keçirərək, məlum helikopter insidentinin baş verməsinə rəvac verdi. Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneə olaraq, vəziyyətin gərginləşməsinə və insidentlərin baş verməsinə xidmət edir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin həllinə nail olmaq və regionda davamlı sülhü bərqərar etmək üçün BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq, ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır. Əks təqdirdə, təcavüzkar və işğalçı dövlət kimi yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.