XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

07 Aprel 2015 - 08:34

FHN Avropa Oyunlarına hazırlıq müşavirəsi keçirdi

Müəssisələrin birgə mümkün fəaliyyətinin 14 istiqaməti müəyyən edilib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 6 aprel 2015-ci il tarixində Yasamal Rayon İcra Hakimiyyəti və Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Təhlükəsizlik Departamenti ilə birgə “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran vəzifələr” mövzusunda rayon müşavirəsi keçirmişdir.

Nazirliyin Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri, təsərrüfat rəhbərləri, Bakı şəhəri üzrə polis və səhiyyə, enerji, qaz və su təchizatı idarələrinin, Birinci Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin səlahiyyətli nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Birinci Avropa Oyunları ilə bağlı Yasamal rayonunda aparılan hazırlıq və abadlıq işləri, bu sahədə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də digər aidiyyəti təşkilatların birgə fəaliyyət istiqamətləri barədə məlumat vermişdir.

FHN-in Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Birinci Avropa Oyunları ilə bağlı qarşıda duran vəzifələr” mövzusundakı təqdimatında bildirmişdir ki, müşavirənin işçi sənədləri hazırlanarkən, irimiqyaslı idman yarışları keçirmiş bir çox ölkələrin mülki təhlükəsizlik tədbirləri təhlil edilmiş, bu təhlillər əsasında fövqəladə hallar, icra və yerli özünüidarəetmə, polis, təhsil, səhiyyə orqanlarının, eləcə də enerji, qaz, su təminatı təşkilatları və s. müəssisələrin birgə mümkün fəaliyyətinin 14 istiqaməti müəyyən edilmişdir. Natiq bu istiqamətləri bir-bir şərh edərək, aidiyyəti təşkilatlar qarşısında duran ümumi vəzifələrdən danışmışdır.

BAOƏK-in qrup meneceri Karin Halifa Təhlükəsizlik Departamentinin fəaliyyəti, eləcə də yarışlar zamanı ehtimal olunan potensial təhlükələr, onlara qarşı görülən qabaqlayıcı tədbirlər barədə danışmışdır.

Müzakirələrdə çıxış edən rayonun idarə və təşkilatlarının rəhbərləri aparılan hazırlıq işləri, mövcud problemlər və onların həlli yolları barədə məlumat veriblər.