Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən, Bakının Səbail rayonunda İçərişəhər, 1-ci Qəsr döngəsi 58 ünvanında söküntü aparılan əraziyə baxış keçiriblər.
ANAMA-dan bildiriblər ki, baxış zamanı tikintinin qalıqları altından müxtəlif çaplı 59 patron (9 ədəd 7,62 millimetrlik LPS, 5 ədəd 9 millimetrlik “Naqan” markalı tapança patronu və 45 ədəd 11 millimetrlik “Smith & Wesson Revolver” markalı tapança patronu) aşkarlanaraq götürülüb. Nəticədə 35 kvadratmetr ərazi yoxlanılıb.
Agentlik tərəfindən yanvarın 1–dən iyulun 28-dək 5849 partlamamış hərbi sursat, tank əleyhinə 194, piyada əleyhinə 31 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 4 milyon 694 min 727 kvadratmetr ərazi yoxlanılıb.