XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2015 - 16:24

Elmira Süleymanova: “Əfv gözlənilir”

Bu gün Ombudsman Aparatında Beynəlxalq insan hüquqları gününə  həsr edilən “Azərbaycanda insan hüquqlarının təmini davamlı inkişaf perspektivindən asılıdır” mövzusunda konfrans keçirilib. 

Strateq.az xəbər verir ki, tədbir “Günəşli” yatağındakı faciədə həlak olan neftçilərin ruhunu yad etməklə başlayıb. Ombudsman Elmira Süleymanova fəaliyyəti dövründə insan hüquqlarının təmin olunması, qanunvericilikdəki boşluqların aradan qaldırılması istiqamətində gördükləri işlərdən, eləcə də qanunvericilik təşəbbüslərindən danışıb. Onun fikrincə, bu sahədə hələ maariflənməyə ciddi ehtiyac var və bu proses uşaqlar arasında kiçik yaşlarından başlanmalıdır. 

“Maarifləndirmə kişik yaşlardan başlayanda həmin vaxtdan insan şüurunda hüquq mədəniyyətinin əsası qoyulur. Ona görə də biz çalışırıq ki, uşaqlara pilləli şəkildə əsas hüquq və azadlıqlarını aşılayaq. Bu təşəbbüsümüzü 110-dan artıq məktəbdə gerçəkləşdirməyə nail olmuşuq. Həmin tədbirlərin nəticəsində 6 min 350 şagird, 500 nəfərdən çox müəllim sertifikat alıb”.

İndiyədək insan haqlarının təmin olunması ilə bağlı hökumətə 500-dən artıq təklif verdiyini deyən Ombudsman onlardan 60 faizinin reallaşdığını vurğulayıb. Digər təkliflərin də həyata keçəcəyinə ümid etdiyini bildirib. E.Süleymanova azadlıqdan məhrum edilən şəxslərlə bağlı xüsusi qərarların qəbul edildiyini deyib. Onun sözlərinə görə, indiyədək ölkə başçısı 59 əfv fərmanı verib, bu günlərdə isə 60-ci fərmanın verilməsi gözlənilir. 

Tədbirdə iştirak edən BMT-nin rezident əlaqələndiricisinin müavini Nato Alhazişvili, millət vəkilləri Hadı Rəcəbli, Fazil Mustafa, Sevinc Fətəliyeva,  QHT Forumunun prezidenti Rauf Zeyni və digər iştirakçılar BMT-nin davamlı inkişaf məqsədlərinin gerçəkləşdirilməsi, insan hüquqlarının müdafiəsində vətəndaş cəmiyyəti ilə dövlət strukturlarının əməkdaşlığı və digər məsələləri müzakirə ediblər. 

Sonda insan hüquqları gününə həsr edilən jurnalistlər arasında keçirilən “Hüquqlar – hamı üçün” yazı və uşaqlar üçün “Mən və hüquqlarım” rəsm müsabiqələrinin qalibləri sertifikatlarla təltif olunub.