DTX-nın xüsusi əməliyyat zamanı məhv edilən ekstremist 1993-cü il təvəllüdlü Cavadov Yaşar Oktay oğlu əslən İsmayıllı rayonunun Qalacıq kəndindənir.
Bu barədə İsmayıllı rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Məhərrəm Əhmədov AzVision.az-a bildirib: “O, valideynləri ilə birlikdə rayonun mərkəzində yaşayırdı. Əslən İsmayıllının Qalacıq kəndindəndirlər. Yaşar subaydır, ailə qurmayıb. Bir qardaşı var, o da namaz qılır, saqqal saxlayır. Atası fəhləliklə ailəsini saxlayır. Anası isə evdar qadındır, normal ailə olublar. Heç kimin onlardan şikayəti olmayıb. Yaşar radikallara qoşulandan sonra tamam dəyişmişdi. Əqidəsi taraz deyildi. Qardaşı yaxşı oğlandır. Deyəsən, o da kiminsə təsirinə düşüb. Məndə olan məlumata görə, Yaşar İsmayıllıda terror törətmək istəyib. Gecə saat 3-də üzərində silahla evdən çıxıb. Onun məqsədi hansısa dövlət qurumunun binasında terror törətmək olub. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları dərhal əməliyyat keçirərək, onun çirkin planının qarşısını alıblar. Nəticədə Yaşar Cavadov zərərsizləşdirilib”.
M.Əhmdəvoun sözlərinə görə, Y.Cəfərovun dəfn mərasimində cəmi 10-15 nəfər iştirak edib. İcra rəsmisi əlavə edib ki, öldürülən Y.Cəfərovun yaxın dostu bir müddət əvvəl rayonda partlayış törədib: “Onun dostu bazara qumbara atmışdı. Həmin hadisə zamanı bir neçə nəfər xəsarət almışdı”.