XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Avqust 2017 - 17:34

Biləsuvarın su və kanalizasiya sistemlərinin qurulması üçün pul ayrıldı –SƏRƏNCAM

Prezident İlham Əliyev Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Prezidentin 2016-cı il 27 dekabr tarixli Fərmanında nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,5 milyon manat ayrılıb.

Sərəncamda deyilir ki, əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə ölkədə həyata keçirilən kompleks tədbirlər nəticəsində regionlarda içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulub, sakinlərin içməli su ilə fasiləsiz təminatı sahəsində mühüm nailiyyətlər əldə edilib.

Bu tədbirlərin davamı olaraq, Biləsuvar şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə həyata keçirilən şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsi kimi, diametrləri 200-500 mm, uzunluğu 4,36 km olan kanalizasiya şəbəkəsinin, diametri 800 mm, uzunluğu 2,9 km olan magistral kanalizasiya kollektorunun tikintisi və ilkin mərhələdə görülən işlər nəticəsində sökülmüş 178000 kvadratmetr asfalt örtüyündən 30000 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranıb.

Sərəncam Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə imzalanıb.