Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 2-də Lənkəranda “Cənub-Aqro” MMC-nin çəltik sahələrinə baxıb və çəltik zavodunun açılışını edib.
APA-nın xəbərinə görə, dövlət başçısına bildirildi ki, Girdəni kəndindəki bu çəltik təsərrüfatının ümumi sahəsi 225 hektardır. Hazırda 35 hektar sahədə əkin aparılıb. Gələcəkdə çəltik sahəsinin 27,5 hektar genişləndirilməsi nəzərdə tutulub. Bundan başqa, müəssisənin Şiyavar kəndində də çəltik sahəsi mövcuddur.
Azərbaycan Prezidentinə çəltik əkininin aparıldığı son texnologiya barədə də məlumat verilib. Bildirilib ki, hazırda “Cənub-Aqro” MMC-nin sahələrindəki çəltik əkinində ən müasir texnoloji üsullardan və avadanlıqdan istifadə olunur
Qeyd edildi ki, rayonda çəltikçilik əsasən Girdəni, Veravul, Ürgə, Siyavar, Hirkan, Xolmili, Şıxəkaran, Mamusta, Separadi və digər kəndlərdə inkişaf etdirilir.
Diqqətə çatdırılıb ki, Lənkəranda “Cənub-Aqro” MMC-nin çəltik zavodunun inşası da mühüm əhəmiyyəti ilə seçilir. Regionda əhəmiyyətli layihələrdən olan bu müəssisə 1 hektar ərazidə tikilib.
Prezident İlham Əliyev müəssisəni işə salıbı. Məlumat verilib ki, zavodun tikintisinə 2016-cı ilin noyabrında başlanıb və bu ilin avqustunda başa çatdırılıb.
Zavodun aylıq emal gücü 300 ton və düyüqurutma gücü isə 900 tondur. Müəssisədə 15 nəfər daimi işlə təmin edilib. Gələcəkdə müəssisənin gücünün iki dəfə artırılması və işçilərin sayının 60 nəfərə çatdırılması nəzərdə tutulub.