Bu gün Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və bütün ermənilərin katalikosu II Qaregin arasında görüş keçiriləcək. Görüşün təşəbbüskarı isə bütün Rusiyanın və Moskvanın patriarxı Kirilldir.
QMİ-nin mətbuat xidmətindən bildirilib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılacaq. Kirillin mətbuat katibi Aleksandr Volkov görüşün Müqəddəs Danil monastrında keçiriləcəyini deyərək, din xadimlərinin və dindarların səylərinin regionda vəziyyətin yaxşılaşmasına kömək etdiyini vurğulayıb: “Bu görüş planlaşdırılmış xarakter daşıyır və son bir neçə ilin mövzusudur. Erməni katolikosu və Azərbaycan şeyxülislamı arasında belə görüşlər hələ Patriarx II Alekseyin vaxtından keçirilir. Patriarx Kiril bu sülhməramlı kursu davam etdirir. Bu formatda sonuncu görüş 2011-ci ildə olub. Əvvəllər olduğu kimi, bu görüş də sülhməramlı xarakter daşıyacaq və Cənubi Qafqazda sülhün tezliklə bərpa edilməsinə yönəldilib” – Volkov əlavə edib.