XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

18 Sentyabr 2017 - 13:47

Zakir Həsənov “TurAz Qartalı-2017” təlimlərinin açılışında iştirak edib –FOTOLAR

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, eləcə də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral “TurAz Qartalı – 2017” birgə taktiki-uçuş təlimlərinin açılış mərasimində iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq çıxışına ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə başlayıb. Nazir çıxışında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək keçirilən təlimlərin əhəmiyyətini vacib hesab edib. Müdafiə naziri bunun hərbi gücümüzün daha bir nümunəsi olduğunu vurğulayaraq bu təlimlərin hər iki ölkənin silahlı qüvvələrinin təcrübə mübadiləsində çox vacib rol oynadığını bildirib.

Təlimlərin Azərbaycanda keçirilməsinin vacibliyini vurğulayan səfir E.Özoral qürur hissi keçirdiyini bildirərək son illərdə bunun artıq ənənə halını almasını xüsusi qeyd edib. Səfir təlimlərin başlanması və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsi ilə əlaqədar iştirakçılara uğurlar arzulayıb. Sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə məlumat verilib. Müdafiə naziri, uçuş və texniki heyətlə görüşərək döyüş aviasiyasına baxış keçirib, onların taktiki-texniki xüsusiyyətləri və tətbiqi imkanları ilə maraqlanıb.

Təlimlərin açılış mərasimi Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının geniş konsert proqramı ilə sona çatıb.