Rusiya və Belarusun qonşuluqda keçirdikləri böyük hərbi manevrlərin dərhal ardınca NATO ölkələri Polşanın şimalında müdafiə xarakterli hərbi təlimlərə başlayıblar.
Strateq.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, “The Dragon-17” kod adlı manevrlərdə quru, hava və dəniz qüvvələrinin 17 min hərbçisi iştirak edir. 3500 vahid hərbi avadanlığın iştirak etdiyi bu təlimlərdə kibertəhlükəsizlik təbdirləri də sınaqdan çıxarılır.
Sentyabrın 29-dək davam edəcək bu manevrlərə Polşanın yeni Mülki Müdafiə Qüvvələri də qoşulub. Bu təlimlərdə faktiki olaraq hərbçilərlə mülki əhali müdafiə təmrinlərini birlikdə yerinə yetirəcək.
Manevrlərdə NATO üzvlərindən Litva, Latviya, Almaniya, Britaniya, İtaliya, Bolqarıstan, Slovakiya, Rumıniya, habelə Gürcüstan və Ukrayna iştirak edirlər.
Polşa müdafiə nazirinin müavini Mixal Dvorjik sentyabrın 21-də ölkənin şimalındakı Dravsko Pomorskiye poliqonuna baş çəkib. Bura “The Dragon-17” manevrlərinin əsas meydanıdır.
Dvorjik deyib ki, müdafiə xarakteri daşıyan bu təlimlər bu yaxınlarda Belarusda keçirilmiş "Zapad 2017" təlimlərindən tamamilə fərqlidir.
Nazir müavini deyib ki, birgə Rusiya-Belarus manevrləri “aşkar hücum xarakteri daşıyırdı”.
Dvorjik izah edib ki, “The Dragon-17” manevrlərinin süjeti “mübahisəli ərazinin hibrid əməliyyatları ilə ələ keçirilməsinə qarşı qoşunların hərəkətindən” ibarətdir.
Polşa rəsmisi bu süjetin Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi ilə bağlı olduğunu gizlətməyib.
Dvorjik habelə deyib ki, bir çox təhlükəsizlik ekspertləri Rusiyanın "Zapad 2017" manevrlərindən sonra Belarusda əlavə qoşun birlikləri saxlayacağından narahatdırlar.
"Zapad 2017" təlimləri sentyabrın 20-də başa çatıb.