Dekabrın 26-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları açılıb.
Dekabrın 31-dək davam edəcək yarmarkada məqsəd əhalinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısını almaqdır.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin mütəxəssislərindən ibarət işçi qruplar yarmarkalara təhkim olunaraq, məhsulların keyfiyyətinə, istehlak üçün yararlılığına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edirlər. Eyni zamanda, bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunub.
“Qiymət artımı demək olar yoxdur. Belə ki, kartof 60-80, soğan 60-70 qəpiyə, ət 5.50-6 manata, narıngi 80 qəpik-1 manata, portağal 1.80-2 manata, fındıq 3-4 manata, qoz 3-5 manata təklif olunur”, – deyə M.Hacıyev bildirib.
Yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunub:
1. Səbail rayonu Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1;
2. Suraxanı rayonu, Malik Mustafayev küçəsi 4, keçid 1848, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin yanı, stadionun yaxınlığı;
3. Binəqədi rayonu, Dərnəgül, Koroğlu Rəhimov küçəsi 534.
4. Nərimanov rayonu, Keşlə bazarı;
5. Xətai rayonu, Əhmədli, Bakı kino teatrının yaxınlığı, Məzahir Rüstəmov küçəsi ilə Sarayev küçəsinin kəsişməsi;
6. Sumqayıt şəhəri, 12-ci mikrorayon, Dəmir yolu vağzalının yanı.