XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

27 Sentyabr 2017 - 05:30

ABŞ rəhbərliyində İranla bağlı fikir ayrılığı –General Danford sazişi pozmağın əleyhinədir

ABŞ-ın ən yüksək vəzifəli hərbi komandanı Birləşmiş Ştatların İranla nüvə sazişini tərk etməsi əleyhinə çıxıb.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Jozef Danford sentyabrın 26-da Senatın Silahlı Qüvvələr Komitəsi qarşısında çıxışı zamanı deyib ki, belə bir qərar Amerikanın başqa ölkələrlə razılaşmalar əldə etməsinə mane ola bilər.

AzadlıqRadiosu bildirir ki, generalın bu qeydləri prezident Donald Trampın son vaxtlar Tehranı və ondan əvvəlki prezident Barak Obamanın 2015-ci ildə başqa dünya gücləri ilə birlikdə imzaladığı sazişi kəskin tənqid etdiyi əsnada səslənib.

Bu tarixi saziş Tehranın öz nüvə proqramını dayandırması müqabilində ona qarşı Qərbin cəzalandırıcı sanksiyalarını qaldırıb. Tramp bu sazişi “rüsvayçılıq” adlandırır.

Danford senatorlara deyib ki, İran saziş üzrə öhdəliklərinə əməl edir.

Bununla belə, o, əlavə edib ki, Tehran Yaxın Şərq boyunca ölkələri qarışdırır, münaqişələri qızışdırır, Suriya, İraq və Yəməndəki “terrorçu təşkilatlara” dəstək verir.

Tramp administrasiyasının 2015-ci il sazişindən çıxmasının mümkün nəticələri barədə suala cavab verən Danford deyib ki, bu, ABŞ-a başqa ölkələrlə razılaşmalar əldə etməkdə mane ola bilər.

General deyib ki, onun fikrincə, razılaşmalar mahiyyət etibarilə pozulmayıbsa, ABŞ onlara sadiq qalmalıdır. 

Tramp oktyabrın 16-dək Konqresə İranın öhdəlikləri yerinə yetirib-yetirmədiyi barədə bildiriş verməlidir.

Bundan sonra Konqres İran üzərinə sanksiyaların bərpa olunub-olunmaması barədə 60 gün ərzində qərar verməli olacaq.

Azadlıq Radiosu