XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2017 - 06:59

ABŞ Bağdadini yenə sağ çıxardı –İŞİD liderinin ölmədiyi iddia olunur və səs yazısı yayıldı

El-Baqdadi-BBC.jpg

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin sağ olduğunu iddia edir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə brifinqdə koalisiyanın nümayəndəsi polkovnik Rayan Dillon bildirib.

Onun sözlərinə görə, Əbu Bəkr əl-Bağdadinin öldüyünü təsdiqləyən heç bir dəlil olmadığından, koalisiya onun sağ olması qənaətinə gəlib.

Azadlıq Radiosunun məlumatına görəsə, İŞİD döyüşçüləri Bağdadiyə aid olduğu iddia edilən audioyazını yayıblar.

Səsi əl-Bağdadinin səsinə oxşayan adam öz çıxışında bu yaxınlarda Şimali Koreya tərəfindən ABŞ və Yaponiyaya ünvanlanmış hədələr məsələsinə toxunur. O, həmçinin İraq ordusu tərəfindən azad edilmiş Mosul da daxil İŞİD-in öz istehkamları uğrunda apardığı döyüşləri yada salır.

ABŞ tərəfindən başına 25 milyon dollar mükafat qoyulmuş əl-Bağdadi 2014-ci ilin iyulundan bəri görünməyib və bu, çoxsaylı şayiələrə səbəb olub. 2017-ci ilin iyununda Rusiyanın Müdafiə Nazirliyi bəyan etmişdi ki, “çox güman”, mayın 28-də Raqqa yaxınlığında endirilmiş hava zərbəsi nəticəsində əl-Bağdadi öldürülüb.

Bunun ardınca İran rəsmiləri əl-Bağdadinin “dəqiq” həlak olduğunu bəyan etmişdilər. Lakin Əbubəkr əl-Bağdadinin ölümü barədə xəbərlər bundan əvvəl də yayılmışdı və Vaşinqton belə bəyanatlara şübhə ilə yanaşırdı.

Əl-Bağdadi son dəfə Mosuldakı ən-Nuri məscisində çıxış etmiş və “xilafətin” yaranmasını elan etmişdi.

İndiki 46 dəqiqəlik audioyazı isə İŞİD-ə bağlı internet saytında açıqlanıb. Bu çıxışda Mosuldan başqa Suriyada Raqqa və Hama, Liviyadakı Sirt uğrunda döyüşlərdən də söz açılır.

Audioyazıdakı səs Rusiyanın iştirakilə Suriyaya dair danışıqlara da toxunur.

Ekspertlər deyirlər ki, əl-Bağdadinin yeri təşkilatın yalnız ən yüksək eşelonuna məlum ola bilər. Bu, ABŞ xüsusi təyinatlılarının onu tapmasını çətinləşdirir. Bəzi ehtimallara görə, onun Suriya-İraq sərhədində ola biləcəyi söylənir.

ABŞ bildirir ki, əl-Bağdadinin öldüyünə dair dəqiq sübutlar olmayınca, Vaşinqton onun diri olduğunu qəbul edir.