XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

29 Sentyabr 2017 - 16:46

Prezident İlham Əliyev:“Bəziləri elə hesab edirlər ki, belə də olmalıdır...”

 

“Azərbaycan xalqı, onun iradəsi bizim siyasətimizi şərtləndirir”.

Bunu Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: “Bugünkü mərasim mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki mən iyirmi ildir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyət göstərirəm. 1997-ci ildə Azərbaycan idman ictimaiyyəti bu etimadı mənə göstərib. Hesab edirəm ki, mən bu şərəfli missiyanı bu günə qədər icra edirəm. Baxmayaraq ki, o vaxtdan altı il sonra mən ölkə Prezidenti seçilmişəm. Əlbəttə ki, mənim məsuliyyətim böyük dərəcədə artıb. Ancaq Milli Olimpiya Komitəsinin prezidenti kimi mən çalışıram ki, idmanın inkişafı ilə bağlı bütün məsələlərə diqqət yetirim. İdmançıların bütün yarışları demək olar ki, diqqət mərkəzindədir. Mən o yarışları imkan daxilində izləyirəm. İdmançıların qayğıları, problemləri ilə daim maraqlanıram. Mənim həyatımın iyirmi ili artıq Olimpiya Hərəkatına, idmana həsr edilib.

Onu da qeyd etməliyəm ki, Azərbaycanda dövlət və ictimai təşkilatlar idmançıların məişət problemlərinin həllində də fəal iştirak edirlər. Hər il ilin yekunlarına görə, iyirmidən çox görkəmli idmançıya dövlət tərəfindən mənzillər, digər mükafatlar, təqaüdlər verilir. Yəni, biz daim çalışırıq ki, idmançılarımızı dəstəkləyək. Çünki bu gün idman Azərbaycanda, bizim cəmiyyətimizdə çox önəmli ictimai amilə çevrilib”.

İlham Əliyev bildirib ki, idmançı olmaq çox şərəfli peşədir: “İdmançılara cəmiyyətdə hörmət böyükdür. Onu da qeyd etməliyəm ki, bizim idmançılarımız həm idman yarışlarında, həm məişətdə özlərini ləyaqətlə aparırlar. İdmançılar, onların uğurları, onlara dövlət tərəfindən verilən qiymət və dəstək əlbəttə ki, uşaqları da idman bölmələrinə cəlb edir. Çünki uşaqlar da görürlər ki, əgər sən idmanda böyük uğur qazanarsansa, onda həm xalq, həm dövlət səni yüksək qiymətləndirəcək. Beləliklə, bu gün Azərbaycanda yeniyetmə, uşaq idmanı da uğurla inkişaf edir. Qeyd etdiyim kimi, bütün bölgələrdə idmanla məşğul olmaq üçün gözəl şərait var. Bizim çempionlarımızın uğurlu çıxışları, onların qələbələri gəncləri də, uşaqları da əlbəttə ki, idmana cəlb edir. Hər dəfə bizim idmançılarımız beynəlxalq yarışlarda bayrağımızı qaldıranda hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq qürur hissi keçirir. Bu qələbələrə, bu qələbə sevincini xalqımıza bəxş etdiklərinə görə Azərbaycan idmançılarına bir daha minnətdarlığımı bildirmək istəyirəm”.

Prezident əlavə edib: “Bu gün biz Azərbaycanda idman uğurlarımıza bir növ öyrəşmişik. Bəziləri elə hesab edirlər ki, elə də olmalıdır. Biz gərək keçmişə də baxaq, müqayisə də edək və görək ki, əgər medalların sayına görə o qədər də böyük ölkə olmayan, əhalisi o qədər də böyük olmayan Azərbaycan Rio Olimpiya Oyunlarında 14-cü yerə layiq görülürsə, bu, doğrudan da tarixi nailiyyətdir.Bizim həmişə güclü idmançılarımız olub. Sovet vaxtında da Azərbaycan nümayəndələri xalqımızı SSRİ yığma komandalarında ləyaqətlə təmsil ediblər. Ancaq əlbəttə ki, indiki nailiyyətlərlə o vaxtkı nailiyyətlər müqayisəedilməz dərəcədə fərqlənir”.

Dövlət başçısı deyib ki, bu gün Azərbaycan müstəqil dövlət kimi medalların sayına görə dünya miqyasında 14-cü yerdədir: “Bu, nəyin hesabına mümkün olub? Əlbəttə, görülən işlər, apardığımız siyasət hesabına – bu barədə mən artıq öz fikirlərimi bildirdim. Mən görülən işlərin bir hissəsini qeyd etdim. Amma əsas səbəb və bunun əsas qaynağı bizim müstəqilliyimizdir. Biz 26 ildir ki, müstəqil ölkə kimi yaşayırıq, öz taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı, onun iradəsi bu gün bizim siyasətimizi şərtləndirir. Müstəqil siyasət aparan müstəqil Azərbaycan bütün başqa sahələrdə olduğu kimi, o cümlədən idman sahəsində də bu uğurlara imza atıb”.