XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2015 - 12:07

İki general “Sınıq Körpü”də – Sərhəddə və gömrükdəki problemlər araşdırılır

Azərbaycan prezidenti İlham Əliyevin dövlət sərhəd buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyətini yoxlamaq məqsədilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev dekabrın 29-da Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən “Sınıq Körpü” dövlət sərhəd buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olublar.

DGK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərhəd və gömrük xidmətlərinin rəhbərləri “Sınıq Körpü” buraxılış məntəqəsində şəxslərin və nəqliyyat vasitələrinin sərhəddə buraxılış vəziyyətini öyrənib, dövlət sərhədindən keçən şəxslər və yük avtomobillərinin sürücüləri ilə söhbətdə onların problemləri ilə maraqlanıblar.

Son zamanlar “Sınıq Körpü” dövlət sərhəd buraxılış məntəqəsində tranzit yükdaşımalarının həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlər barədə vəzifəli şəxslərin məruzələri də dinlənilib, mövcud problemlər, həmçinin şəxslərin və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinə daha az vaxt sərf edilməsi imkanları müzakirə edilib.

Sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.