Azərbaycan 2016-cı il yanvarın 1-dən etibarən İran və Türkiyə ilə Yaşıl Kart (“Green Card”) sistemi çərçivəsində fəaliyyətə başlayacaq.
İcbari Sığorta Bürosundan (İSB) azertag.az-a bildiriblər ki, Azərbaycanda Yaşıl Kart sisteminin fəaliyyətə başlaması üçün müvafiq təkrarsığorta proqramı və bank zəmanəti Bürolar Şurasına təqdim edilib. Sistemə üzv olan 46 ölkənin Yaşıl Kart büroları ilə İSB arasında sənədlərin qarşılıqlı tanınmasına dair ikitərəfli sazişlərin bağlanması prosesinə başlanılıb. Hazırda Avropa İqtisadi Zonasına daxil olan ölkələrin 24-ü həmin sazişləri imzalayaraq, bir nüsxəsini İSB-yə, digərini isə Bürolar Şurasına göndərib.
Eyni zamanda, İSB yaşıl kartların rəsmiləşdirilməsi məqsədilə 3 formada blanklar hazırlayıb. Birinci növ blanklar Yaşıl Kart sisteminə daxil olan bütün ölkələr, ikinci növ blanklar Türkiyə və İran, üçüncü növ isə Rusiya, Ukrayna, Belarus və Moldova üçün nəzərdə tutulub.
İcbari Sığorta Bürosunun Avropa İqtisadi Zonasına daxil olan ölkələrlə bağladığı sazişlərin qüvvəyə minmə tarixi isə Bürolar Şurasının qərarına əsasən, 2016-ci il fevralın 18-dən sonra bildiriləcək.