Küveyt də neftin qiymətinin qalxmasına ümid etmir – Neft 30 dollardan hesablandı
Küveyt hökuməti 2016-cı ilin büdcəsində neftin baza qiymətini 30 dollar/barel səviyyəsində təsdiq edib. Report.az-ın “Əlrai” qəzetinə istinadən verdiyi xəbərə görə, gələn il Küveyt hökuməti neft gəlirlərini 7,16 mlrd. dinar (23,6 mlrd.dollar) olacağını proqnozlaşdırır.
Küveyt, gələn il yanacaq subsidiyalarını əsaslı şəkildə azaltmaq və bir sıra islahatlar həyata keçirməklə 1-2 mlrd. dinar (3,3-6,6 mlrd. dollar) qənaətə nail olmaq fikrindədir.
Küveytin 2015-ci il büdcəsində neftin baza qiyməti 45 dollar/bareldən götürülüb və büdcə kəsiri 27 mlrd. dollar səviyyəsində təsdiq olunub.
Qeyd edək ki, dünya bazarında neftin kəskin ucuzlaşması səbəbindən Küveyt də daxil olmaqla, 13 OPEC ölkəsindən 9-u 2015-ci ildə büdcə kəsiri ilə üzləşib.
Bir qədər əvvəl Səudiyyə Ərəbistanı da 2016-cı ilin büdcəsini ictimaiyyətə açıqlayıb: neftin baza qiyməti – 29-37 dollar/barel (son 10 ilin ən aşağı həddi).
Azərbaycan isə 2016-cı ilin dövlət büdcəsində neftin baza qiymətini 50 dollar/barel səviyyəsində təsdiq edib. Qeyd edək ki, hazırda Azərbaycan neftinin dünya bazarında qiyməti 37-38 dollar/barel təşkil edir.