Səfirə nazirliyin fəaliyyətin ilə bağlı məlumat verilib
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekutanı qəbul edib.
Nazirlriyin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, nazir səfiri yeni təyinatı münasibətilə təbrik etmiş, ona diplomatik fəaliyyətində uğurlar arzulamışdır. Görüş zamanı qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Həmçinin ötən illər ərzində Fövqəladə Hallar Nazirliyi ilə ABŞ-ın fövqəladə halların idarə edilməsi sahəsində müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyi səfirin diqqətinə çatdırılmışdır.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir ölkələrimiz arasında fövqəladə hallarla mübarizə sahəsində aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.