XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2017 - 11:36

Bakı metrosu ilə daşınan sərnişinlərin sayı 166 milyonu ötüb- Statistika Komitəsi

Cari ilin yanvar-sentyabr ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 167,5 mln. ton yük daşınıb və 2016-cı ilin müvafiq dövrünə nisbətən 1,8% artım müşahidə olunub.
 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yüklərin 3,6%-i dəniz, 6,3%-i dəmir yolu, 0,1%-i hava, 63,9%-i avtomobil nəqliyyatı, 26,1%-i isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 3,8% artaraq 126,9 mln. ton təşkil edib.
 
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 0,7% azalıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 81,5% təşkil edib.
 
2017-ci ilin yanvar-sentyabr aylarında nəqliyyatçılar 1437,5 mln. nəfərə və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,2% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,1%-i avtomobil nəqliyyatı, 11,6%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
 
Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-sentyabr ayları ərzində 10,5 mln. ton yük, 1,8 mln. sərnişin daşınıb, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 6,7%, sərnişin daşınmasında isə 27,9% artım müşahidə olunub.
 
Orta hesabla sutkada 344 vaqon yüklənib, 409 vaqon isə boşaldılıb.
 
Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 13,1 min ton, qərb istiqaməti üzrə 5,1 min ton, cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.
 
Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-sentyabr aylarında daşınmış yüklərin həcmi 5 961,6 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 48,1% artıb. Yüklərin 49,4%-ni neft yükləri təşkil edib.
 
Dəniz limanları tərəfindən 7 746,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 7 451,0 min tonunu və ya 96,2%-ni tranzit yüklər təşkil edib. Cari il oktyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 178,7 min ton olub.
 
Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,1% azalaraq 13,9 min nəfər olub.
 
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatına gəlincə, bu nəqliyyat sektorunda 107,2 mln. ton yük, 1 267,1 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2% və 1,7% artım qeydə alınıb. Sərnişinlərin 96,1%-i avtobus, 3,9%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,1%, sərnişin dövriyyəsi isə 1,8% artıb.
 
Bundan başqa, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 5,7% artaraq 166,7 mln. nəfər olub.
 
Qeyd olunan dövr ərzində hava nəqliyyatı ilə 1 846,5 min və ya 18,4% çox sərnişin daşınıb, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 7,1% artaraq 120,6 min tona çatıb.