Dayanmadan yağan güclü qar Ağsuda bir sıra ciddi fəsadlar törədib.
30-dək yaşayış məntəqəsi işıqsız qalıb. Hazırda rayonda enerjinin bərpası üçün ciddi işlər görülür. Qarın hündürlüyü dağətəyi ərazilərdə 20-22, dağlıq yerlərdə isə, 30-33 santimetrə çatıb.
Azertag.az xəbər verir ki, yağan qar Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu aşırımı adlanan 144-156-cı kilometrində, xüsusən dolaylardakı 14 sərt döngədə sürücülər üçün bəzi çətinliklər yaradıb. Əraziyə cəlb olunan texnikanın, o cümlədən qreyderin, duzsəpən və yük maşınlarının köməyi ilə səhər tezdən aşırımda yolun təmizləməsinə başlanılıb.
Sürücülərə zərurət yaranmasa, gediş-gəliş üçün Ağsu aşırımından istifadə etməmək tövsiyə olunur. Əks təqdirdə avtomobillərin saz olmasına, qış rejimi üçün nəzərdə tutulan şinlərdən və ya şinlər üçün zəncirlərdən istifadə edilməsinə diqqət yetirmək məsləhət görülür.