XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2017 - 11:03

Məşhur Rotşildlər nəslinin nümayəndələri Bakıya gəlib –Onlara nadir əlyazmalar hədiyyə olunub –FOTO

Məşhur Rotşildlər nəslinin nümayəndələri – Endi, Barbara, Şarlotta, Barbra, Tibor, Daqmar, Attikus Rotşildlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, qonaqlar institutun sərgi salonunda nümayiş olunan eksponatlarla, o cümlədən Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının ibri əlifbasındakı əlyazma nüsxəsi, farsca “İncil” və “Musa qoyun otarır” adlı nadir illüstrasiya ilə tanış olublar. Sonra ibri əlifbasında olan bir sıra əlyazmaların elektron variantları qonaqlara hədiyyə edilib.

Görüşdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli qonaqlara müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri, əldə olunmuş nailiyyətlər və burada qorunub saxlanılan əlyazmalar, onların toplanma, bərpa xüsusiyyətləri barədə məlumat verib.

İnstitut direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli əlyazmaların elektronlaşdırılması istiqamətində görülən işlərdən bəhs edib.