XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2016 - 14:35

“Günəşli” faciəsində itkin düşən ən yaşlı 2 neftçinin meyiti Bakıya gətirilir

“Günəşli” faciəsində itkin düşən ən yaşlı 2 neftçinin meyiti Bakıya gətirilir

“Günləşli” faciəsindən ötən 1 ayın tamamında Türkmənistan sahillərində tapılan iki neftçinin cənazəsi Bakıya gətirilir.

Musavat.com-xəbər verir ki, Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda tapılan neftçilərin cəsədini Bakıya gətirmək üçün qonşu ölkəyə yola düşən Fövqəladə Hallar Nazirliyinin “BE-200çS” amfibiya tipli təyyarəsi saat 18 radələrinədək geri qayıdacaq. 
 
Təyyarə AZAL-ın Zabratdakı vertolyot meydançasından Türkmənistana yola düşüb. Təyyarənin Zabrata eniş edəcəyi gözlənilir. 
 
Cənazələri tapılan neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğludur. Onlar ötən il dekabrın 4-də baş verən qəza zamanı platformada olan ən yaşlı 2 neftçidir. Hər ikisi 1953-cü il təvəllüdlüdürlər.
 
Xatırladaq ki, 2015-ci ilin dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış və yanğın baş vermişdi. Qəza zamanı 32 nəfər təxliyyə olunarkən 1 nəfərin meyiti tapılmışdı. 30 neftçi isə itkin düşmüşdü. İtkin düşən neftçilərin 6-nın meyiti hadisədən 3 gün sonra tapılmışdı. Sonuncu dəfə isə dekabrın 27-də itkin düşən neftçilərdən İman Qasımovun meyiti Türkmənistan sahillərində tapılmışdı.
 
Hazırda “Günəşli” yatağında baş verən qəzadan sonra itkin düşən neftçilərin sayı 20 nəfərdir. Daha 3 neftçi isə “Neft Daşları”nda baş verən qəza zamanı itkin düşüb. Onların da axtarışı ötəni il dekabrın 4-dən davam edir. 
 
Onu da əlavə edək ki, hazırda qəzadan sonra “Günəşli” yatağında baş verən yanğın davam edir. Yanğının söndürülməsi ilə 2 gəmi məşğuldur. ABŞ-dan dəvət olunan mütəxəssislərlə birgə yanğının söndürülməsi istiqamətində işlər görülür.
 
Musavat.com-a daxil olan digər bir məlumatda isə bildirilir ki, neftçilərin axtarışı dekabr ayının sonunda dayandırılıb. Dekabrın 4-dən başlayan axtarışların nəticəsi yalnız dekabrın 7-də öz nəticəsini vermişdi və 6 neftçinin meyiti tapılmışdı. 
 
Dekabrın sonunda isə neftçilərin axtarışı dayandırılıb. Sonuncu tapılan neftçilər isə Türkmənistan sahillərində qonşu ölkənin dənizçiləri tərəfindən tapılıb. FHN və SOCAR isə axtarışların dayandırılması ilə bağlı məlumatı təkzib edir.