XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2017 - 10:04

Ərzaq və dərman məhsulları ilə bağlı ləğv edilmiş yoxlamalar bərpa olundu –Prezident İlham Əliyev Milli Məclisə qərar göndərdi

“Sahibkarlıq sahələrində yoxlamalar dayandırılsa da, ərzaq və əczaçılıq məhsullarının keyfiyyətinə nəzarət olunacaq”.

Strateq.az bildirir ki, bu sözləri Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov Milli Məclisin bununlaa bağlı qəbul etdiyi qərarı “Yeni Müsavat” qəzetinə şərh edərkən deyib.

Deputat bildirib ki, Milli Məclisdə Komitənin iclasında 2017-ci ildən 2021-ci ilə qədər yoxlamaların dayandırılması barədə qərar qəbul olunsa da burada bir istisna da var: “Son zamanlar qida məhsullarının və dərmanların keyfiyyəti ilə əlaqədar şikayətlər artmışdı. Həm qida məhsullarının, həm də dərmanların keyfiyyətində problem olduğu üçün bu iki maddəni qanuna salmışıq ki, vergi yoxlamalarından əlavə bu sahədə də yoxlamalar aparılsın. Artıq qanun qüvvəyə mindikdən sonra dərman preparatları və ərzaq məhsullarının istehsalı ilə məşğul olan şirkətlərdə yoxlamalar aparılacaq. Bu həm də əhalinin təhlükəsizliyini təmin etməkdən ötrüdür”.

Deputat dedi ki, son zamanlar apteklərdə saxta dərmanların satılması çox ciddi problem idi: “İstənilən dərman ölkəyə gətirilirdi, onların tərkibi yoxlanılmırdı. Qida məhsullarında da çox ciddi problemlər var idi. Xüsusən uşaq qidalarının tərkibi ilə bağlı şikayətlər olurdu. Ona görə də cənab prezident  tərəfindən belə bir qərar bizə göndərildi və biz də onu qəbul etdik. Yəqin ki, Milli Məclisin növbəti iclasında təsdiqləyəcəyik”.

V.Əhmədov vurğuladı ki, bu qanun qəbul olunduqdan sonra sahibkarlıq obyektlərinə yalnız Vergilər Nazirliyi, bir də ərzaq məhsullarının keyfiyyəti ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi və ya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirəcək: “Bu  prezidentin və Nazirlər Kabinetinin səlahiyyətinə daxil olan məsələlərdir. Bundan əlavə, yoxlamalar aparmaq üçün mütləq qanunauyğun olaraq Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmək lazımdır. Hansısa təşkilat yoxlama aparmaq istəyirsə, qeydiyyatdan keçib sonra yoxlama aparmalıdır. Hesab edirəm ki, bu sahədə çox ciddi nəzarət olacaq. Vergi yoxlamaları da aydın məsələdir ki, olmalıdır. Çünki bu birbaşa dövlət büdcəsi ilə bağlı olan məsələdir. Bundan əlavə ola bilər ki, Səhiyyə Nazirliyi dərman preparatlarının keyfiyyəti ilə bağlı yoxlamaları həyata keçirsin”.

Deputat qeyd etdi ki, sahibkarlar vaxtlı-vaxtında vergi borclarını ödəməlidirlər: “Vergi sisteminin özündə müəyyən problemlər var. Bu da əsasən verginin faizi ilə bağlıdır. Məsələn, əlavə dəyər vergisi bizdə çox yüksək faizlə ifadə olunur. Digər vergilərin miqdarında problemlər var. Ona görə də sahibkarlara çətinlik yaranır. Ümumilikdə isə vergi sistemində yoxlamalar getməlidir. Onu aparmasaq, vergi ödəmələrində çox ciddi problemlər yaranar”.

V.Əhmədov hesab edir ki, bu qərarın daha 4 il uzadılması yoxlamaların müəyyən qədər qarşısını alacaq və sahibkarlar üçün münbit şərait yaradacaq: “ Sahibkarlığın inkişafına hər zaman mane olan təşkilatlar artıq yoxlamalar apara bilməyəcəklər. Ona görə də, sahibkarların vəziyyəti nisbətən yaxşılaşacaq. Lakin bir məqam var ki, ərzaq və dərman məhsulları ilə əlaqədar problem olmasaydı, sahibkarlar onun keyfiyyətinə nəzarət etsəydi, sözügedən qurumların yoxlamalarına da ehtiyac qalmazdı. Azərbaycana o qədər keyfiyyətsiz ərzaq və dərman idxal olunur ki, cənab prezident məcbur oldu ki, bu nüansı da əlavə etsin. Sahibkarlar da gələcəkdə çalışmalıdırlar ki, keyfiyyət problemi olmasın”.