XƏBƏR LENTİ

12 Dekabr 2019

Digər Xəbərlər

27 Oktyabr 2017 - 18:03

Vəkilliklə bağlı layihəyə hansı yeniliklərin edildiyi məlum olub –Hansı maddələr dəyişəcək?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

 APA-nın məlumatına görə, hər üç sənədə eyni dəyişikliyi nəzərdə tutan layihə məhkəmələrdə qanuni nümayəndəlik institutunun ləğvi ilə bağlıdır.  Qeyd edək ki, dəyişiklik layihəsi parlamentin oktyabrın 20-də keçirilən plenar iclasının gündəliyindən çıxarılmış, spiker Oqtay Əsədov buna səbəb olaraq layihələrin müzakirəyə hazır olmadığını bildirmişdi. İclasdan bir neçə gün sonra isə məsələnin müzakirəsinin MM-in yaz sessiyasına qədər təxirə salındığı açıqlanmışdı.

 Lakin layihə bəzi dəyişikliklərlə yenidən Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

 Dəyişiklərdən sonra yeni layihədə fiziki şəxsin yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə verilir. Bununla bağlı Mülki Prosessual Məcəlləyə əvvəlki dəyişiklikdə əlavə kimi təklif olunan 69.1-1 maddəsinə əlavələr edilir.  Digər yenilik isə ondan ibarətdir ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun 1.4 və 1.6 maddələri məhkəmələrdə baxılmaqda olan işlər üzrə nümayəndə qismində iştirak edən şəxslərə həmin işlər müvafiq instansiya məhkəmələrində mahiyyəti üzrə həll edilənədək şamil olunmur.

 Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 31-də plenar müzakirəyə çıxarılacaq.  Dəyişikliklər qəbul olunacağı təqdirdə 2017-ci il dekabrın 1-dən qüvvəyə minəcək.

 Xatıraldaq ki, Ali Məhkəmənin sədri tərəfindən oktyabrın 6-da Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər barədə qanun layihələri təqdim edilib. Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunur.