XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

31 Oktyabr 2017 - 10:40

“Statoyl Azərbaycan” şirkətinin prezidenti Bakı Ali Neft Məktəbində olub –Görüş

Norveçin dövlət neft şirkəti – “Statoyl”un Azərbaycan Nümayəndəliyinin prezidenti Favad Quraişi və rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbinə (BANM) səfər edib.

Ali Məktəbin rektoru Elmar Qasımov qonaqları BANM-də salamlayıb və dəyirmi masa ətrafında geniş müzakirələrdən ibarət görüş keçirib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Strateq.az-a verilən məlumata görə, rektor görüş zamanı “Statoyl”un Azərbaycan neft-qaz sənayesində olan çoxillik təcrübəsini və bu sənayenin inkişafında rolunu vurğulayıb. Elmar Qasımov BANM və “Statoyl”un əvvəlki illərdəki sıx əməkdaşlığından danışıb və bu əməkdaşlığın bundan sonra daha da genişlənəcəyini və yeni mərhələyə qədəm qoyacağını qeyd edib.

Daha sonra rektor BANM-in tələbə auditoriyasının “Statoyl” şirkətinə olan böyük marağından danışıb. Bu istiqamətdən çıxış edərək rektor Favad Quraişidən növbəti dəfə BANM-ə səfər etməyi və tələbələr üçün “Liderlik və karyera” mövzusunda şəxsi təcrübəsinə əsaslanan mühazirə deməsini xahiş edib.

"Statoyl Azərbaycan” şirkətinin prezidenti Favad Quraishi BANM tərəfindən olan isti münasibətə görə Elmar Qasımova öz təşəkkürünü bildirib və rektorun tələbələr üçün mühazirə demək istəyini böyük məmnuniyyətlə qəbul edib.

Daha sonra qonaq onu müşayiət edən “Statoyl” şirkətinin digər əməkdaşlarını – Rezervuar texnologiyaları üzrə baş müşavir Qürbət Ağayev, Maliyyə, kadrlar və biznes dəstəyi üzrə menecer Emin Xəlilov, Azəri-Çıraq-Günəşli yatağı və Bakı -Tbilisi – Ceyhan ixrac boru kəməri üzrə texniki menecer Endre İvarrud və İnformasiyanın idarəetmə olunması üzrə baş konsultant Nigar Məmmədovanı təqdim edib.

Qonaq Ali Məktəbin fəaliyyəti ilə yaxından tanış olub, onun tələbələrinin statistik bilik göstəricilərini yüksək qiymətləndirib, BANM-in tələbələrinin neft şirkətlərində olan istehsalat təcrübə proqramı ilə maraqlanıb. Qonaq yeni açılmış kampusu mütləq ziyarət edəcəyinə, böyük tələbə və müəllim-professor auditoriyası qarşısında çıxış edəcəyinə söz verib.

Qeyd edək ki, Favad Quraishi cari ilin 1 iyul tarixindən “Statoyl” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərir.

Sonda qonaqlarla xatirə şəkli çəkdirilib.