XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2017 - 21:12

Futbol üzrə Topaz Premyer Liqası:XII tura yekun vurulub

Topaz Premyer Liqasında XII turun son oyunu keçirilib.

"Report"un məlumatına görə, "Bakcell Arena"da "Neftçi" "Qəbələ"ni qəbul edib. Görüş qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb – 3:2. Meydan sahibləri hesabda iki dəfə önə keçiblər. 19-cu dəqiqədə Emin Mahmudov Azərbaycan çempionatında ilk qolunu vurub. Bu, həm də "Neftçi" və "Qəbələ" arasındakı görüşlər tarixində 100-cü qol olub.

Lakin tezliklə "Qəbələ"nin hücumçusu Baqali Dabo yan xətt hakimi Zeynal Zeynalovun səhvindən sonra təyin olunmuş künc zərbəsindən sonra bərabərlik qolunu vurub. Fransalı hücumçu aktivindəki qolların sayını 6-ya çatdıraraq, bombardirlər siyahısında vahid liderə çevrilib. İlk yarı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İkinci hissə başlar-başlamaz "Neftçi" ikinci qolu vurub. Bu dəfə künc zərbəsindən sonra Kirilo Petrov fərqlənib. Lakin 56-cı dəqiqədə flaqmanın sabiq futbolçusu Ruslan Qurbanov penaltini dəqiq yerinə yetirərək, tarazlığı yenidən təmin edib. Oyunda son nöqtəni isə 80-ci dəqiqədə "qırmızı qaralar"ın daha bir fransalı hücumçusu Baqali Dabo qoyub.

Bu qələbə sayəsində xallarını 25-ə çatdıran "Qəbələ" 3-cü, 13 xala malik "Neftçi" isə 5-ci pillədə qalıb. Digər tərəfdən, "Qəbələ" "Neftçi" ilə Premyer Liqa görüşlərində qələbə sayında bərabərləşib. Artıq hər iki komandanın 15 qələbəsi var. Lakin son 4 qarşılaşmada meydan sahibi qalib gəlmişdisə, bu dəfə ənənə pozulub. "Neftçi” son 8 görüşdə cəmi 1 qələbə əldə edib.

19 noyabr (bazar)

17:00. "Neftçi” – "Qəbələ” – 2:3

Qollar: Emin Mahmudov, 19. Kirilo Petrov, 48 – Baqali Dabo, 21. Ruslan Qurbanov, 56-penalti ilə. Stiven Jozef-Monroz, 80

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Əli Hüseynov

"Bakcell Arena”