XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

15 Dekabr 2017 - 12:07

Akademik Ramiz Mehdiyev Prezidentin alimlərə təbrik məktubunu oxudu:“Kreativ düşüncəli gənc alimlərin  formalaşması mühümdür”

Prezident İlham Əliyev Azərbaycanın gənc alimlərinin I qurultayının iştirakçılarını təbrik edib.

Təbrik məktubunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oxuyub. Məktubda deyilir: "Hörmətli qurultay iştirakçıları, sizi Azərbaycanın gənc alimlərinin I qurultayının keçirilməsi münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə uğurlar arzulayıram.

Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə elmi nailiyyətlərin gündən-günə artması və yüksək texnologiya sahələrinin sürətlə genişlənməsi, çevik innovasiya fəallığı yeni yanaşmanı tələb edir. Mövcud şərait gəncliyin intellektual potensialının tam üzə çıxması üçün əlverişli zəmin hazırlanmasını ön plana çıxarır.

Ümidvaram ki, gənc alimlərimizin ilk mötəbər məclisi zamanın çağırışlarına cavab olaraq bu istiqamətdə fəaliyyətin aparıcı meyillərinin müəyyənlik qazanmasına təkan verəcək. Mədəniyyətlər arasında əsrlər boyu körpü rolunu oynayan Azərbaycanın qədim dövr elmi nailiyyətlərinin qorunub saxlanmasında və dünya elm xəzinəsinin daha da zənginləşməsində özünəməxsus yeri var".

Məktubda qeyd olunur ki, ölkəmizdə elmin prioritetləri dünya elminin hazırkı inkişaf tendensiyalarına uyğun olaraq, milli strateji maraqların konseptual şəkildə həllinə yönəldilib:

"Azərbaycan Milli Elmlər Akademiyasının və ali təhsil müəssisələrimizin fəaliyyəti respublikamızda kreativ düşüncəli, eyni zamanda, dəyərlərimizə sadiq gənc alimlər nəslinin formalaşması baxımından xüsusi əhəmiyyətə malikdir. Müvəffəqiyyətlə gerçəkləşdirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" gənclərimizin elmə daha yaxından cəlb olunması və dünya elminə inteqrasiya istiqamətində atılmış mühüm addımlardandır.

Proqram çərçivəsində beynəlxalq miqyasda tanınmış ali təhsil ocaqlarında təhsil alan gənclərimizin elmdə varislik prinsiplərini davam etdirərək sanballı tədqiqatları ilə ölkəmizin müasir dünya elm məkanında layiqli təmsilçiləri olacaqlarına inanırıq. Gənclərin həyatımızın bütün sahələrində fəal iştirakı və innovativ təşəbbüslərin dəstəklənməsi Azərbaycanda gənclər siyasətinin başlıca prinsipləridir. Dövlətimizin daimi diqqəti və layiqli qayğısı sayəsində gənc alimlərimiz heç şübhəsiz ki, tükənməz enerji ilə çalışacaq, müstəqil Azərbaycanın inkişaf yoluna bundan sonra da töhfələrini verəcəklər. Əminəm ki, qurultayda səmərəli fikir mübadiləsi aparılacaq, əhəmiyyətli təkliflər irəli sürüləcək və elmimizin gələcəyi ilə bağlı dolğun fəaliyyət proqramı qəbul olunacaq".