Səfir: “Çexiya və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir, geniş biznes əlaqələri mövcuddur”.
Bu barədə Çexiya Respublikasının Azərbaycandakı səfiri Vitezslav Pivonka bu gün keçirdiyi mətbuat konfransında bildirib. Səfir, 1918-ci ildə yaradılan Çexoslovakiya Respublikası ilə Azərbaycan Demokratik Respublikasının 100 illiyinin qeyd olunacağını, bu çərçivədə müəyyən tədbirlərin nəzərdə tutulduğunu söyləyib. O, 2018-ci ildə, həmçinin SSRİ başda olmaqla, Varşava Müqaviləsi ölkələrinin Çexoslovakiyaya hərbi müdaxiləsinin 50 illiyinin qeyd ediləcəyini də vurğulayıb. Diplomat, 2018-ci ildə Çexiya üçün əsas siyasi hadisənin yanvarda keçiriləcək prezident seçkiləri olacağını, hazırda iki ölkə arasında əlaqələrin genişləndirilməsi istiqamətində addımlar atıldığını qeyd edib.
Azərbaycanın strateji enerji təminatçısı olduğunu deyən səfir əlavə edib ki, onlar bir sıra layihələrdə strateji tərəfdaşlıqdan irəli gələn öhdəlikləri yerinə yetirirlər. İkitərəfli iqtisadi əlaqələrə toxunan səfir bildirib ki, 2017-ci ilin yanvarından oktyabr ayınadək Azərbaycandan Çexiyaya 846 milyon ABŞ dollar həcmində mal ixrac, Çexiyadan Azərbaycana isə 78 milyon ABŞ dolları həcmində mal idxal olunub: “Ölkəmizin neft idxalının üçdə biri Azərbaycanın payına düşür. Çexiya hər il Azərbaycandan 1 – 1,5 milyard dollar dəyərində neft idxal edir”. Onun sözlərinə görə, Çexiya şirkətləri son 10 ildə Azərbaycana 2 milyard dollar sərmayə yatırıb.
Səfir, Azərbaycanla Çexiya arasında birbaşa hava reysinin bağlanmasına da münasibət bildirib. Onun sözlərinə görə, birbaşa reyslər bir neçə ay davam edir, turist axınının çox olduğu yay və qış aylarında birbaşa reyslərin açılması nəzərdə tutulduğundan müvəqqəti dayandırılıb. Buna görə də, Çexiyaya getmək üçün azərbaycanlı turistlər İstanbul və Moskvadan uçmağa məcbur olurlar.
Təhsil sahəsinə toxunan diplomat bildirib ki, 2017-2018-ci illər üçün 800 azərbaycanlı tələbə idarəetmə, iqtisadiyyat, tibbi sahələri üzrə Çexiyanın müxtəlif universitetlərinə qəbul olunub. V.Pivonka səfirlikə Təhsil Nazirliyinin birgə Şamaxının Qaravəlli kəndində həyata keçirdikləri “Energetik effektiv məktəb” adlı unikal layihə barədə də məlumat verib: “Bu, özlüyündə Çex Respublikasının dünyada həyata keçirdiyi bir ilkdir. Bu layihənin əsas məqsədi Azərbaycan əyalətində, evlərdə və ictimai binalarda enerjinin səmərəli istifadəsi barədə müzakirələrə start verilməsidir. Eyni zamanda layihə çərçivəsində reallaşan tədbirlər uşaqların hazırlıq prosesinə və qənaət üzrə tədbirlərə daha çox cəlb olunmasına yönəlib”.
SƏMLA
Strateq.az