XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2018 - 16:16

Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək- Yanvarın 13-də

Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi yanvarın 13-dən sərnişinlərin istifadəsinə veriləcək.

Bakı Nəqliyyat Agentliyindən “Report”a verilən məlumata görə, bununla əlaqədar müvafiq marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara da göstəriş verilib.

Xatırladaq ki, metronun “Dərnəgül” stansiyasının ətrafında yaradılan mübadilə mərkəzinin ərazisində asfalt örtüyü və piyada səkiləri təmir olunub, yol nişanları və nişanlanması təşkil edilib, 5 ədəd yeni avtobus dayanacaq pavilyonu quraşdırılıb. Mərkəz istifadəyə verildikdən sonra burada gün ərzində 11 marşrut xətti üzrə 112 avtobusun sərnişinlərə xidmət göstərəcəyi planlaşdırılır. Ərazidə eyni zamanda taksi minik avtomobilləri üçün də duracaqlar müəyyənləşdirilərək nişanlanıb.

“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətə başlaması ilə, əsasən, ətraf kənd və qəsəbələrdən “Azadlıq prospekti” metro stansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni mərkəzə köçürüləcək. Məqsəd günün pik saatlarında metronun “Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısını almaq və sıxlığı aradan qaldırmaqdır.

Qeyd edək ki, hazırda Bakıda “Koroğlu”, “28 May” və “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzləri fəaliyyət göstərir. Bakı Nəqliyyat Agentliyinin Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması ilə bağlı hazırladığı konsepsiyaya uyğun olaraq, növbəti belə mərkəzin Beynəlxalq Avtovağzal Kompleksinə yaxın ərazidə yaradılması planlaşdırılır. Eyni zamanda Bakının bir sıra ətraf kənd və qəsəbələrində bir qədər kiçik Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması nəzərdə tutulub.