XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

19 Yanvar 2018 - 16:35

Çevik Polis Alayında 20 yanvar faciəsi ilə bağlı xatirə tədbiri keçirilib –FOTO

 

Yanvarın 17-də Əlahiddə Çevik Polis Alayında 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Bu barədə DİN Mətbuat Xidmətindən Strateq.az-a məlumat verilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan alay komandiri, polis general-mayoru Zaur Abdullayev bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna sovet qoşun hissələri fövqəladə  vəziyyət elan edilmədən yeridilərək, dinc əhaliyə amansız divan tutulub. Həmin vaxt Moskvada yaşayan ulu öndərimiz Heydər Əliyev hadisənin ertəsi günü ailə üzvləri ilə birgə Azərbaycanın nümayəndəliyinə gələrək,  bu qanlı cinayəti pisləyən bəyanat verib, xalqımıza qarşı törədilmiş haqsızlığı dünyaya çatdırıb, faciənin bütün günahkarlarının cəzalandırılmasını qətiyyətlə tələb edib. Ümummilli liderimiz xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra bu məsələni yenidən gündəmə gətirib.

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli bildirib ki, 28 il əvvəl, 1990-cı ilin 20 Yanvarında sovet ordusunun Bakıda həyata keçirdiyi qətliam Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tariximizin qan yaddaşına əbədi həkk edilib. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsindən, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, yerli hakimiyyətin xəyanətkarlığından hiddətlənən və bu ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu. Keçmiş SSRİ rəhbərlərinin göstərişi ilə Azərbaycana yeridilən ordu hissələri paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 147 nəfər mülki şəxsi amansızcasına qətlə yetirdilər. Hadisələr zamanı 744 nəfər günahsız insan yaralandı. İnsanlıq simasını itirmiş hərbi canilər hətta təcili tibbi yardım maşınlarını atəşə tutur, heç kəsə aman vermirdilər.

20 Yanvar faciəsi xalqımızı yumruq kimi birləşdirib və bütün dünya azərbaycanlılarının gücünü ifadə edib. Bu hadisə nəinki Azərbaycanı, bütün dünyanı lərzəyə gətirsə də, o zaman yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutla keçməyə üstünlük verib, xalqın milli faciəsinə laqeyd münasibətlərini ortaya qoyaraq Kremlin qəzəbinə tuş gəlmək istəməyiblər.

D.Əzimli bildirib ki, 1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət verilib. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar ulu öndərimizin qətiyyətinin təzahürü kimi tarixə düşdü. Daim xalqın taleyini düşünən bu dahi şəxsiyyət hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarını müdafiə etməkdən qorxmadığını sübut etdi. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edilirdi.

Mərhum prezidentin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda həm də Milli Məclisə hadisəyə tam hüquqi-siyasi qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. 1994-cü il mart ayının 29-da respublika parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Beləliklə, 20 Yanvar faciəsi məhz ümummilli lider Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.

O, daha sonra qeyd edib ki, mərhum Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşıb. Ulu öndər hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək ziyarət edib, şəhid ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanırdı.

Bu gün Şəhidlər xiyabanında ucalan “Əbədi məşəl” abidə-kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Ulu öndər Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verilib.

Ulu öndərin bütün sahələrdə  siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur.

28 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə həm də milli qürur günü kimi düşən 1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu dünyaya sübut etdi.

Daha sonra 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub.