XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Yanvar 2018 - 18:57

DÇ-2018:satışların ikinci mərhələsində 5 milyona yaxın bilet istənilib

2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına bilet satışların ikinci mərhələsinin ilk hissəsində azarkeşlərdən 5 milyona yaxın sifariş alınıb.

Azərtac xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası (FIFA) mətbuat xidmətinin yaydığı məlumata görə, sifariş olunan biletlərin sayı 4 905 169 ədəddir. Sifarişlər ayrılan tamaşaçı yerlərindən çox olduğu üçün biletlər püşkatma yolu ilə satılacaq.

Azarkeşlər arasında bilet sifarişinə görə Rusiya (2 503 957 bilet) ilk yerdə qərarlaşıb. Siyahıda Almaniya (338 414) ikinci, Argentina (186 005) isə üçüncü yerdədir. Sonrakı yerlərdə Meksika (154 611), Braziliya (140 848), Polşa (128 736), İspaniya (110 649), Peru(100 256), Kolumbiya (87 786), ABŞ (87 052) və Niderland (71 096) gəlir. Xarici azarkeşlərin sifarişlərdə ümumi payı 49 faizdir.

Bilet satışlarının dekabrın 5-də start götürən ikinci mərhələsi aprelin 3-dək davam edəcək. Bu mərhələ iki hissəyə bölünüb. Tamaşaçılar dekabrın 5-dən yanvarın 31-dək olan birinci hissədə açılış və final oyunları istisna olmaqla, bütün oyunlara bilet sifariş edə bilərdilər. Martın 13-dən aprelin 3-dək davam edəcək ikinci hissədə isə biletlər FIFA-nin saytında real zamanda canlı növbə ilə satılacaq və anında təsdiqlənəcək.

Xatırladaq ki, FİFA biletləri dörd qiymət kateqoriyasına bölüb və onlardan biri xüsusi olaraq RF vətəndaşları üçündür. Açılış və final oyunları nəzərə alınmadan, üçüncü kateqoriya üzrə biletlərin qiyməti 105-285, ikinci kateqoriya üzrə 165-480, birinci kateqoriya üzrə isə 210-750 dollar arasında dəyişir.