XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2018 - 19:26

Azərbaycanın beynəlxalq hava limanlarında vizalar “ASAN Viza” vasitəsilə veriləcək- Fərman

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Fərmanla müəyyən edilir ki, Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsini, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə tapşırılır ki:

– Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən xidmət məntəqələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təhvil verilməsini mərhələli şəkildə həyata keçirsin;

– Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrinə əsasən vətəndaşlarına Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi nəzərdə tutulmuş ölkələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etsin;

– Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi prosedurunda edilmiş dəyişikliklər barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi və müvafiq ölkələrin diplomatik nümayəndəliklərinin məlumatlandırılması üçün tədbirlər görsün.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq sərnişindaşımaları həyata keçirən xarici və yerli aviasiya şirkətləri tərəfindən Azərbaycan Respublikasına gətirilən sərnişinlər barədə əldə etdiyi məlumatların real vaxt rejimində “ASAN Viza” sisteminə göndərilməsini təmin edəcək.

Nazirlər Kabinetinə tapşırılır ki:

– Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

– mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

– bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Bu fərman 2018-ci il mayın 15-dən qüvvəyə minir.