XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

10 Fevral 2018 - 15:58

İran səfiri:"İkili standart yanaşmadan çəkinmək lazımdır"

İran İslam Respublikasının (İİR) ölkəmizdəki səfirliyi ölkənin milli bayramı –  İslam İnqilabının 39-cu ildönümü münasibəti ilə rəsmi qəbul təşkil edib.

Strateq.az xəbər verir ki, tədbirdə səfir Cavad Cahangirzadə İslam İnqilabının tarixindən söz açaraq bildirib ki, İran xalqı mərhum İmam Xomeyninin rəhbərliyi ilə istiqlal və azadlığa əsaslanan İran İslam Respublikasının təməlini qoyub: “Fəxr edirik ki, dünya güclərinin təzyiqlərinə, sanksiyalarına rəğmən bu nizam günü-gündən inkişaf etdi, regional və beynəlxalq sabitlik və güc yolunda dinamik şəkildə irəlilədi.  İslam İnqilabı nəinki siyasi sahədə, eləcə də iqtisadi, ictimai və böyük elmi sahələrdə heyranedici nailiyyətlər əldə etdi. Hal-hazırda beynəlxalq iqtisadi göstəricilərə görə, İran İslam Respublikası dünyanın ən güclü iqtisadıyyatına malik olan 18-ci ölkəsidir”.

C.Cahangirzadə bildirib ki, İİR demokratiya və azad seçkilər sahəsində böyük uğurlara şahid olub. İslam inqilabının qələbəsindən bu yana ölkədə ümumxalq səsverməsi yolu və seçicilərin maksimum iştirakı ilə 40-a yaxın seçki keçirilib. Həsən Ruhaninin ikinci dəfə dörd il müddətinə prezident seçilməsi ilə nəticələnən 2017-ci ilin may ayında keçirilən sonuncu seçkidə seçicilərin 73 faizdən çoxu iştirak edib.

Diplomat daha sonra bildirib ki, ölkəsi eyni zamanda regional sabitlik amili kimi çıxış edib və son illərin məşum fenomeni olan terrorizm və İŞİD təhlükəsinin qarşısını almaq üçün ciddi və təsirli addımlar atıb. Əlavə edib ki, terrorizm və radikallığa qarşı mübarizə regional və beynəlxalq əməkdaşlığı tələb edir, bu sahədə ikili standart yanaşmadan çəkinmək lazımdır.

Ölkələrimiz arasındakı münasibətlərə toxunan səfirin fikrincə, hər bir ölkə üçün qonşularla səmimi münasibət xarici siyasətin prioritetlərindəndir. Onun sözlərinə görə, İİR ilə Azərbaycan Respublikası arasında dostluq və qardaşlığa əsaslanan münasibətlər günü-gündən inkişaf etməkdədir: “Prezident İlham Əliyev və Həsən Ruhaninin çox səmimi münasibətləri iki ölkə arasında əməkdaşlığın genişlənməsi üçün möhkəm dayaqdır. Bu, iki qardaş xalq arasında olan çoxsaylı müştərəkliklər, qırılmaz tellər yaradıb, ölkələrimiz arasındakı əlaqələrinin düşmənləri bu qardaşlıq ruhuna ziyan verə bilməyəcəklərini yaxşı bilirlər. Son illər ərzində hər iki ölkədən olan turistlərin sayının çoxalmasının şahidi olduq ki, bu da iki xalq arasında dostluq və səmimiyyətin qarantıdır”. Sözünə əlavə edən səfir Cavadzadə bildirib ki, İranla Azərbaycanın əməkdaşlığında Şimal-cənub nəqliyyat dəhlizinə və müştərək avtomobil istehsalı zavodunun tikintisi kimi ciddi layihələr, eləcə də iki ölkənin məsul şəxsləri arasında daimi məsləhətləşmələr bu bağların daha da dərinləşməsinə zəmin yaradır.

Azərbaycan hökuməti adından İran xalqını bayram münasibəti ilə təbrik edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, ölkələrimiz arasında tarixən mövcud olan dostluq əlaqələrinin güclənməsinə hər iki dövlət başçısı arasında keçirilən görüşlər də müsbət təkandır. Onun sözlərinə görə, iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq regionda sülh və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə verir. Ş.Mustafayev Azərbaycan-İran əlaqələrinin möhkəmləndiyini vurğulayaraq əlavə edib ki, bir çox sahələrdə, o cümlədən, energetika, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin region üçün böyük əhəmiyyət kəsb edir.

SƏMLA

Strateq.az