XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

16 Aprel 2015 - 04:29

Növbəti əfv sərəncamına hazırlıqlar gedir

Səidə Qocamanlı əfv sərəncamına hazırlıqlar getdiyini açıqladı

Mayda əfv olacağı gözlənilir.

Avropa Oyunları ərəfəsində imzalanacaq əfv fərmanı siyahısına siyasi dustaqların da düşəcəyi ehtimal olunur. Nəzərə çatdıraq ki, son əfv fərmanı ümidləri bir o qədər doğrultmadı. Vicdan və siyasi məhbuslardan cəmi 4 nəfər azad edildi. Hətta buna görə İşçi Qrupunun fəaliyyəti kəskin tənqid olundu, hüquq müdafiəçilərinin qurumu tərk etməsinə çağırışlar edildi. Qarşıdakı may əfvinin isə konkret nə zaman veriləcəyi açıqlanmır. Lakin qeyri-rəsmi məlumatlara görə, əfvə hazırlıq gedir.

İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı “Yeni Müsavat”a bildirdi ki, may əfvinin ayın 10-u, yaxud 28-i veriləcəyi bilinmir. Onun sözlərinə görə, buna baxmayaraq mayda əfvə hazırlıq işləri gedir. Hüquq müdafiəçisi qeyd etdi ki, Avropa Şurası hər bir əfv fərmanını müsbət dəyərləndirir: “Mayda da əfv gözlənilir və dama-dama göl olur. ötən əfvdə 15 nəfər çıxdı. Hər biri insan taleyidir. Bu ailələrə sevinc gətirmişiksə, bizi xoşbəxt edir. İşçi Qrupunun əsas məqsədi humanizmdir. Biz işləyirik. İnsan hüquqları deyəndə təkcə sizi maraqlandıran adamlar nəzərdə tutulmur.
Bizə sosial problemlər, mülkiyyət hüquqları ilə bağlı müraciətlər olur. İşçi Qrupu o demək deyil ki, təkcə siyasi məhbuslarla məşğul olsun. İşçi Qrup hər bir hüququ pozulmuş vətəndaşın işi ilə bağlıdır. Ekoloji problemlərə qədər müraciətlər var”.
S.Qocamanlı deyir ki, kim istəyir onları tənqid etsin: “Tənqidlər ölkə daxilində olub. Avropa Şurası isə son əfvi müsbət dəyərləndirir. Bizim işimizi bu qədər ucuzlaşdırmaq olmaz. çox təəssüflər olsun ki, hüquq müdafiəçilərinin gördüyü işlərdən cəmiyyət çox məlumatlı deyil.
İşçi Qrupu 6 ayda ciddi uğurlara nail olub. Son əfv fərmanında adi vətəndaşlar azadlığa çıxıblar. Onlar insan deyilmi? Kim nə istəyir danışsın. Bizə qiymət verənlər yaxından işimizi bilənlərdir. Biz 27 ildir işləyirik. İndi də may əfvinə hazırlıq gedir”.
Hüquq müdafiəçisi Avropa Oyunlarına görə təzyiqlərdən çəkinib əfv veriləcəyi fikrinə inanmır: “Problemi öz ağlımızla, humanizmlə həll edirik. Kim beynəlxalq təzyiqlə azadlığa çıxıb? Bütün məsələlər ölkə daxilində həll olunur. Hər bir qaranlığın işıqlı günü var”.
Əfv ərizəsi yazmalarına, prezidentə müraciət etmələrinə baxmayaraq, azad olunmayan tanınmış məhbuslar var. Rəsul Cəfərov – avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq və vergidən yayınmaqda ittiham olunur. Hilal Məmmədov – 2012-ci ilin iyununda həbs olunub. Məhkəmə onu dövlətə xəyanətdə, milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilərək, 5 il müddətinə azadlıqdan məhrum edib.
Rəşadət Axundov, Rəşad Həsənov, Məmməd Əzizov və İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının üzvləridir. 2013-cü ilin mart-aprel aylarında həbs olunublar. Qanunsuz narkotik, partlayıcı maddə və kütləvi ixtişaşlar təşkil etməkdə ittiham olunurlar. Rəşadət Axundov və İlkin Rüstəmzadə 8 il, Rəşad Həsənov və Məmməd Əzizov 7.6 il müddətinə azadlıqdan məhrum ediliblər
ömər Məmmədov VHP və NİDA-nın üzvüdür. O, 2014-cü il yanvarın 24-də saxlanılıb. Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə ittiham olunan blogger 2014-cü il iyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Əbdül Əbilov NİDA Vətəndaş Hərəkatının üzvüdür. 2013-cü il noyabrın 22-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Blogger narkotik alverində təqsirli bilinib.
Pərviz Həşimli “Bizim Yol” qəzetinin yazarıdır. 2013-cü il sentyabrın 27-də həbs olunub. O, Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə ittiham olunaraq, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.