XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 February 2018 - 22:15

“Pxençan-2018”:Polşa ilk qızıl medalını qazanıb

“Pxençan-2018” Qış Olimpiya Oyunlarının doqquzuncu günündə – fevralın 17-də 9 dəst medal sahibini tapıb. “Ağ Olimpiada”da Polşa ilk medalını xizəklə böyük tramplindən tullanma, Lixtenşteyn isə dağ xizəkçiliyi yarışlarında qazanıb.

Azərtac xəbər verir ki, fristayl idmanının slopstayl növü üzrə qadınların yarışında İsveçrə idmançıları ilk iki pillədə yer alıblar. Sara Hoefflin 91,20 xalla Oyunların qızıl medalına sahib olub. Onun komanda yoldaşı Matilda Qremuad ikinci, Böyük Britaniya təmsilçisi İzabel Atkin üçüncü olublar.

Qadınlar arasında biatlon idman növünün 12,5 kilometr məsafəyə mass-start yarışlarında Slovakiya təmsilçisi Anastasiya Kuzmina məsafəni 35 dəqiqə 23 saniyəyə qət edərək birinci olub. Bu, slovakiyalı idmançının “Pxençan-2018”də üçüncü medalıdır. Belə ki, Anastasiya Kuzmina biatlonun müxtəlif növlərində daha iki gümüş medala sahib olub. Belaruslu Darya Domraçeva yarışı ikinci, Norveç atleti Tiril Eçxoff isə üçüncü pillədə başa vurublar.

Sərbəst xizəkçilik üzrə qadınlar arasında 5 kilometr məsafəyə estafet yarışlarında marşrutu 51 dəqiqə 24 saniyəyə qət edən Norveç komandası bütün rəqiblərindən üstün olub. İsveç xizəkçiləri ikinci, Olimpiya bayrağı altında çıxış edən rusiyalı atletlər isə üçüncü olublar.

Kişilər arasında fiqurlu konkisürmə yarışlarının sərbəst proqramı üzrə mərhələsinə yekun vurulub. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 317,85 xalla yaponiyalı Yuzuru Hanyu Olimpiya çempionu adını qazanıb. Digər Yaponiya təmsilçisi Şoma Uno gümüş, İspaniya təmsilçisi Xavier Fernandez isə bürünc medala sahib olublar.

Olimpiadada qadınlar arasında dağ xizəkçiliyi yarışlarının “Super-G” kateqoriyasında çexiyalı Ester Ledecka 1 dəqiqə 21 saniyə nəticə ilə “Pxençan-2018”in çempionu olub. Avstriyalı Anna Veit ikinci, Lixtenşteyn təmsilçisi Tina Veirazer sə üçüncü yerdə qərarlaşıblar.

“Ağ Olimpiada”nın doqquzuncu günündə qısa-trek yarışlarında iki 2 dəst medal sahibini tapıb. Qadınlar arasında 1500 metr məsafəyə yarışlarda Koreya Respublikasından olan Çoi Minjeong 2 dəqiqə 24 saniyə göstərici ilə Olimpiya çempionu adına sahib olub. Çinli Li Jinyu və Kanada atleti Kim Boutin ilk üçlüyü qapayıblar. Bu, Kim Boutinin “Pxençan-2018”də ikinci bürünc medalıdır.

Kişilər arasında 1000 metr məsafəyə yarışlarda isə Kanada idmançısı Samuel Girard fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Marşrutu 1 dəqiqə 24 saniyəyə qət etmək kanadalı atlet üçün yetərli olub. ABŞ idmançısı Con-Henri Kruger gümüş, Seo Yira (Koreya Respublikası) bürünc medala layiq görülüblər.

Skeleton yarışlarında qadınların mübarizəsində britaniyalı atlet Lizzi Yarnold 51,46 saniyə nəticə ilə birinci pillədə qərarlaşıb. Almaniyalı Jakueline Loellinger gümüş, digər britaniyalı idmançı Laura Diz bürünc medala sahib olublar.

Kişilər arasında xizəklə böyük tramplindən tullanma yarışlarında Polşa idmançısı Kamil Stoç birinci olmaqla ölkəsinə ilk medalı qazandırıb. Almaniya xizəkçisi Andreas Vellinger yarışı ikinci, norveçli Robert Cohansson isə üçüncü pillədə tamamlayıblar.

“Ağ Olimpiada”da doqquzuncu günün yekunlarına görə, Almaniya millisi “Pxençan-2018” Qış Olimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Bu ölkənin hesabında 9 qızıl, 4 gümüş və 4 bürünc medal var. Ümumilikdə 25 ölkədən idmançılar medalçılar arasında yer alıblar.

Norveç (7-8-7) ikinci, Niderland (6-5-2) üçüncü, Kanada (5-5-5) dördüncü, ABŞ (5-2-2) isə beşinci pillədə qərarlaşıb.