XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

22 Fevral 2018 - 10:10

BANM-ın tələbəsi “Global Startup Weekend Women”in qalibi oldu –Fransada böyük final keçiriləcək

Bakı Ali Neft Məktəbindən (BANM) II kurs tələbəsi Parisdə Böyük Finalda iştirak edəcək.

BANM-dan Strateq.az-a verilən məlumata görə, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının tələbəsi Səkinə Nağızadə “Global Startup Weekend Women” – qadınlar arasında keçirilən startup yarışının Bakı finalında qalib olub.

Next Step İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən yarışa qatılmaq üçün 50-dən çox müraciət olunmasına baxmayaraq, cəmi 11 komanda Bakı finalında iştirak hüququ qazanıb. “Boş durma, hərəkətə keç” şüarı ilə həyata keçirilən yarışda Ali Məktəbin ikinci kurs tələbəsi Səkinə Nağızadə və onun TalentPort komandası qalib olub. Komandanın təqdim etdiyi layihə tələbələr və fiziki məhdudiyyətli insanların məşğulluğunun yarımştat işlə təmin olunması platformasının yaradılmasından ibarət olub.

Qeyd edək ki, bu platformadan şirkətlər də yararlanacaq. Belə ki, onlar vaxta qənaət edərək, uyğun və potensial gənc kadrlarla təmin olunmuş olacaqlar.

Qalib komanda RCI Bank & Services, AccorHotels, Air France, Wavestone, Air Liquide, La Tribune kimi qlobal sponsorlardan Parisə uçuş bileti, Accor oteldə 2 gecə qalmaq, Böyük Finalda qlobal münsiflər qarşısında ideyasını təqdim etmək və Bakıda Next Step İnnovasiyalar Mərkəzinin Sup.az akselerasiya proqramına qəbul olunmaq şansı qazanıblar.

Qeyd edək ki, Səkinə Nağızadə 7 mart tarixində Fransanın Paris şəhərində 23 ölkə arasında keçiriləcək Böyük Finalda iştirak edərək Azərbaycanı təmsil edəcək.