XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

26 Fevral 2018 - 10:00

Avropa Parlamentinin üzvləri Xocalı soyqırımı ilə bağlı bəyanat verdi –13 ölkənin deputatları imzaladı

Avropa Parlamentində (AP) yeni yaradılmış Azərbaycanın Dostları Klubunun üzvləri Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul ediblər.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa Parlamentinin Latviyadan olan deputatı, AP Xarici Əlaqələr Komitəsinin üzvü və Azərbaycanın Dostları Klubunun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb. Bu bəyanat Xocalı qətliamı ilə bağlı Avropa Parlamenti çərçivəsində qəbul edilmiş ilk sənəddir.

Bəyanatda Azərbaycan xalqının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş amansız cinayətlə üzləşməsi, nəticədə 613 mülki şəxsin, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın həyatını itirməsi, yüzlərlə insanın ağır yaralanması və 1275 nəfərin əsir götürülməsi faktı öz əksini tapıb. Sənəddə AP üzvləri Xocalı qətliamı nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı dilədiklərini, ailələrinin dərdlərinə şərik olduqlarını bildirir və Xocalı faciəsi kimi insanlıq əleyhinə yönəlmiş cinayətlərin bir daha baş verməməsi üçün Xocalı qətliamının xatırlanmalı olduğunu vurğulayırlar.

Bəyanatı şərh edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev qəbul edilən bəyanatın 26 il əvvəl Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırımına beynəlxalq təşkilatlar tərəfindən lazımi qiymətin verilməsi üçün atılan mühüm addım olduğunu bildirib: “Avropa Parlamenti mütəmadi olaraq həm Avropa qitəsində, həm də bütövlükdə dünyada baş verən hadisələrə öz rəyini bildirir və belə bir qurumun 22 üzvü tərəfindən Xocalı soyqırımına diqqət ayrılması, baş vermiş cinayətlərə siyasi qiymət verilməsi, bu cinayət nəticəsində həyatını itirənlərin və onların ailələrinin yad edilməsi, əlbəttə ki, vacib hadisədir. Hazırda Avropa Parlamentində 28 ölkə 8 siyasi qrupla təmsil olunur. Bəyanatı imzalayan üzvlərin 28 ölkədən 13-nü və 8 siyasi qrupdan 6-sını təmsil etməsi də bu mənada mühüm göstəricidir”.

Xocalı faciəsi ilə bağlı bəyanat, ümumilikdə, Avropa Parlamentinin 13 ölkəni (28 ölkədən) və 6 siyasi qrupu (8 qrupdan) təmsil edən 22 üzvü tərəfindən, o cümlədən qurumun vitse-prezidenti tərəfindən imzalanıb.