XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2018 - 15:15

Deputat Vahid Əhmədov:"Təhsil Nazirliyi ilə AMEA-nın birləşdirilməsi qeyri-mümkündür"

"Təhsil Nazirliyi ilə Milli Elmlər Akademiyasının birləşdirilməsi qeyri-mümkündür".

Bu sözləri Axar.az-a üç aya yaxındır ki, təhsil naziri postunun boş qalması fonunda sözügedən nazirliyin ləğv ediləcəyi və əvəzində Elm-təhsil və İnnovasiya adlı qurumun yaradılacağı ilə bağlı irəli sürülən ehtimallarla bağlı danışan millət vəkili Vahid Əhmədov deyib. Millət vəkili bu barədə səsləndirilən fikirlərin doğru olmadığını bildirib:

“Təhsil Nazirliyi təhsili idarə edən bir orqandır. Tədris isə dövlətin strateji bir xəttidir və buna da çox böyük əhəmiyyət verilir. Cənab prezident insan kapitalına böyük diqqət yetirir və bu baxımdan da innovasiyaların tətbiqi ilə əlaqədar müəyyən dəyişikliklər ola bilər. O ki qaldı Təhsil Nazirliyinin hansısa bir qurumla, xüsusilə də Elmlər Akademiyası ilə birləşdirilməsinə, buna inanmıram. Elmlər Akademiyası tamamilə başqa sahəyə, elmi tədqiqata, elmi axtarışlara və elmi institutlara rəhbərlik edən bir orqandır. O üzdən də hesab edirəm ki, Təhsil Nazirliyi ilə Elmlər Akademiyasının birlədirilməsi qeyri-mümkündür. Çünki biz qanun qəbul etmişik və bu qanunlar da təsdiq olunub. İndi artıq peşə, orta və ali təhsil haqqında yeni qanunlar qəbul ediləcək”.

Millət vəkili bu arada Təhsil Nazirliyinə əlavə səlahiyyətlər verilə biləcəyini də vurğulayıb: “Hansısa əlavə qurumların bu nazirliyə birləşdirilməsi və xüsusilə də innovasiyalarla əlaqədar müəyyən hüquqların verilməsi mümkündür”.

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov Musavat.com-a açıqlamasında seçkilərdən sonra Təhsil Nazirliyinin ləğv olunacağı və Elm-təhsil və İnnovasiya adlı qurum yaradılacağı ehtimalını irəli sürüb.