XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2018 - 23:20

Narkoloji Mərkəzin sabiq rəhbəri:“Taxta binada xəstə saxlamırdım, oradan inzibati bina kimi istifadə etmişik”

“Mən baş həkim olanda həmin taxta konstruksiyalı binada xəstə saxlamırdım, oradan inzibati bina kimi istifadə etmişik. Orda arxiv yerləşib, mühasibatlıq olub. Diqqətsizlik, ehtiyatsızlıq olub. Köhnə binalardır. 1990-cı illərdə quraşdırılıb. Sonradan kim necə istifadə edib, deyə bilmərəm, mənlik deyil.

Martın 2-də yanğın baş verən Respublika Narkoloji Mərkəzinin keçmiş baş həkimi, professor Araz Əliquliyev Azadlıq Radiosuna belə deyib.

Bəlkə xəstə çox olub, bəlkə başqa səbəb var deyə, ora xəstə yerləşdirilib, deyə bilmərəm. Ölkə rəhbərliyi ordadırsa, hüquqi qiyməti veriləcək. Bu hadisəyə görə günahkarlar cəzasını almalıdır, – Əliquliyev əlavə edir.

Professor hadisə haqda danışmağa çətinlik çəkir: “O qədər insanın ölümü böyük itkidir. Ölkə rəhbərliyinin ora gəlməsi də bunun nə qədər böyük bədbəxtlik olmasının sübutudur. İnsanlar xəstələrini gətiriblər ora müalicə etməyə, nəticə də belə… Sözsüz ki, istintaq orqanları taxta binada xəstələrin yerləşdirilməsi ilə bağlı öz sözünü deyəcək, qiymətini verəcək”.

Martın 2-də səhər saatlarında Respublika Narkoloji Mərkəzində yanğın baş verib. Rəsmi məlumatda 25 nəfərin öldüyü bildirilir. Prezident İlham Əliyev hadisə yerinə gedib. O, hadisənin araşdırılması məqsədilə bəzi tapşırıqlar verib. Cinayət işi başlanıb.