XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

16 Mart 2018 - 16:44

“Çinin asılı olduğu  dəniz yolları  ABŞ ordusunun nəzarəti altındadır” –Bakı Forumu

VI Qlobal Bakı Forumu çərçivəsində “Çinin xarici siyasətini necə başa düşmək olar” adlı panel keçirilib.

APA-nın xəbərinə görə, panel ABŞ-ın Paulson İnstitutunun vitse-sədri, ABŞ dövlət katibinin Cənubi Asiya və Mərkəzi Asiya regionları üzrə köməkçilərinin keçmiş müavini Evan Faygenbaumun moderatorluğu ilə baş tutub. O bildirib ki, qlobal iqtisadi qüvvə kimi Çin güc balansına geniş şəkildə təsir edir.

Makedoniya prezidenti Georgi İvanov deyib ki, XXI əsrin əsas mövzuları Çinə aid olacaq: “Bununla bağlı əks arqumentlər də var. Məşhur mütəxəssislərdən biri haqlı olaraq deyir ki, Çin bir ölkədən daha çox, qitəyə bənzəyir. Bu da Çinin iqtisadi uğurlarının məğzini təşkil edir. Çinin qarşısında bir neçə maneə var. Bunlardan biri Çinin yerləşdiyi coğrafi ərazidir. Digər tərəfdən, Çinin iqtisadiyyatı böyük miqyasda dəniz yollarından asılıdır. Bu yollar isə ABŞ silahlı qüvvələrinin nəzarəti altındadır”.

 Çinin Avropa ilə bağlı təşəbbüslərini təqdir edən Makedoniya prezidentinin sözlərinə görə, Çin artıq ABŞ-ı elmi müstəvidə üstələyib: “Çinin patentlərinin sayı ABŞ-da qeydə alınan patentlərin sayından çoxdur. Eyni zamanda, Çin 2022-ci ilə qədər 166 peyk vasitəsilə şəbəkə yaratmaq niyyətindədir. Bundan başqa, 100 mindən çox çinli tələbə dünya universitetlərində təhsil alır. Bu tələbələr Çinə qayıtdıqdan sonra öyrəndiklərini Çinin inkişafına yönəldirlər. Əlbəttə, bütün bunlar Çinin qlobal iqtisadi gücə çevrilməsinə xidmət edir”.

Serbiyanın sabiq prezidenti Boris Tadiç bildirib ki, ABŞ Çinin strateji tərəfdaşıdır: “ABŞ və Çinin iqtisadiyyatları bir-birindən çox asılıdır. Çin qlobal arenada çox önəmli və böyük bazardır. Eyni zamanda, Çin çox geniş şəkildə Latın Amerikasına, Afrikaya sərmayələr yatırır. Lakin Çin öz strategiyasını həyata keçirmək üçün qarşılaşdığı texniki problemləri həll etməli, yeni texnologiyalar əldə etməlidir. Burada dil və mədəni fərqliliklər də öz təsirini göstərir. Çin böyük bir ölkədir. Əhalisinin sayına görə dünyada lider olan Çin iqtisadi baxımdan gələcəkdə də birinci olacaq”.

Çinin öz silahlı qüvvələrinə böyük vəsait ayırdığını söyləyən sabiq prezidentin sözlərinə görə, Çinin Asiyada əsas rəqibi Yaponiyadır. Xarici Əlaqələr üzrə Çin Xalqlar İnstitutunun Avropa məsələləri üzrə vitse-prezidenti Lian Ciençuan qeyd edib ki, Çin üçün başqa ölkələrlə mövcud münasibətlər çox önəmlidir: “Digər tərəfdən, Çin öz prinsiplərini əsas götürərək praktikada tətbiq edəcək. Çin ilk olaraq, sülh şəraitində yaşamaq prinsipini rəhbər tutur. Bununla da, Çin öz qonşuları ilə əlaqələri daha da genişləndirmək niyyətini güdür. Bütün dinlərin və sivilizasiyaların bərabər tutulması da Çin üçün prioritetdir. Biz insanların seçimlərinə hörmətlə yanaşmalıyıq”.

L. Ciençuan bildirib ki, Pekin Cənubi Çin dənizində öz legitim hüquqlarını, maraqlarını daima müdafiə edəcək: “Cənubi Çin dənizində vəziyyət indi daha sakitdir. Cənubi Çin dənizi hövzəsində yerləşən başqa dövlətlər Çinlə birgə vəziyyətin daha da stabil olmasına çalışır. Onu da xüsusi vurğulayım ki, Çin öz ideologiyasını xarici ölkələrə ixrac etmir və başqa dövlətlərin daxili işlərinə qarışmır”.

 Qərb demokratiyasının Çinə ixracını mümkün hesab etməyən Macarıstanın keçmiş baş naziri Peter Medeşi Çinin öz yolu ilə hərəkət etdiyini, bu yolun ənənələrə adekvat olduğunu vurğulayıb: “Çin dünyada ikinci güc kimi yer tutmaqdadır. Çində dəyişikliklər çox aramla baş verir. Bu gün Çinin çox güclü rəhbəri var və onun gələcəyə baxışı aydındır. Çin növbəti illər ərzində daha fəal olacaq. Çox güman ki, Çin suverenliyini mühafizə edib saxlayacaq, eyni zamanda çox sərt xarici siyasət yürüdəcək. Onu da unutmaq olmaz ki, Çinin hərbi xərcləri gündən-günə artır”.

Nepalın sabiq baş naziri Madhav Kumar Çini ölkəsinin uğurlu tərəfdaşı adlandırıb. Panel müzakirələrlə başa çatıb.