XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

24 Mart 2018 - 20:48

Azərbaycan millisindən kənarlaşdırılan futbolçu “Qarabağ”ınəvəzedici heyətinə göndərilib

Azərbaycan millisindən kənarlaşdırılan "Qarabağ"ın futbolçusu Elvin Yunuszadə klubun əvəzedici heyətinə göndərilib.

"Report" xəbər verir ki, bu barədə hər iki komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.

46 yaşlı mütəxəssis bildirib ki, bu, Elvin Yunuszadənin nizam-intizamı pozduğu ilk hal deyil. O, qərarda təəccüblü bir şeyin olmadığını vurğulayıb.

Qurbanov Yunuszadənin "İnstagram"da "Məni yalnız Allah cəzalandıra bilər" paylaşımına isə belə reaksiya verib: "Elvindir də. Boş verin. Onun belə fikirləri olacaq. Niyə belə yazdığını bilmirəm. Bəlkə də özü ilə kiminsə arasında olan bir şeydir. Ümumiyyətlə, bizim hökmümüz Allahın hökmü ola bilməz. Allahın hökmü ilə biz bacarmarıq. Bu, tamamilə ayrı fikir ola bilər. Bizim öz qərarlarımız var. Olub ki, cəzalandırmışıq, sonra bağışlamışıq. Onun fikirlərinə münasibət bildirməyim də düzgün çıxmaz".

Baş məşqçinin sözlərinə görə, Yunuszadə son bir ayda ən yaxşı formada olan futbolçulardan olub. Amma o, nizam-intizamın pozulması hallarına göz yummadığını diqqətə çatdırıb: "Mən futbolçunu cərimələmək istəmirəm. Çünki futbol oynadığım vaxt mənim də səhvlərim, özümü düzgün aparmadığım hallar olub. 5 ildir birgə işləyiriksə və mənim xarakterimi bilirsə, ona güvənərək, komandada saxlayıramsa, yeri gəlsə, cəzalandırmağa, belə qərarlar verməyə haqqım da var.

Baş məşqçi yığmanın Belarusla yoldaşlıq görüşü üçün heyətinə daxil edilməyən Kipr "Anortosis"inin futbolçusu Araz Abdullayevi millidən birdəfəlik kənarlaşdırmamasının səbəbini isə belə izah edib: "Arazla cəmi 2 gündür birgə işləyirik. Onunla Elvini bir tutmaq olmaz. Düşünürəm ki, Abdullayev daha yaxşı futbol oynayacaq. Özünün də insan kimi keyfiyyətlərini daha da yaxşılaşdıracağına inanıram. Yığmanın düşərgəsinə gələn kimi onunla hərtərəfli söhbətimiz, danışığımız olmuşdu. Söhbətimiz onun gələcək klub karyerası ilə bağlı yox, millidəki işi ilə əlaqədar olub".

Qeyd edək ki, Elvin Yunuszadə və Araz Abdullayev ötən gün Azərbaycan millisinin Belarus yığması ilə yoldaşlıq oyunundan öncə təşkil olunmuş toplantıya gecikmələri səbəbindən cəzalandırılıb.